“Qarabağ”ın sabiq hücumçusu Rauf Əliyevin futbolinfo.az saytına müsahibəsi

– Avrokuboklarla üzüağ, başıuca vidalaşan “Qarabağ”ın “Bayer” səddini keçməsi, tarix üstünə tarix yazması üçün nə çatmadı?

– “Qarabağ”ın “Bayer” səddini keçməməsinin səbəbi yəqin ki, müəyyən təcrübəsizlik və kiçik səhvlər oldu. Mövqe səhvlərini nəzərdə tuturam. Bəzi oyunçular öz mövqelərində daha inamlı çıxış etsəydilər, belə olmazdı. Xüsusən də cinah ötürmələri zamanı diqqətli olmalıydılar. Məlum məsələ idi ki, rəqib son dəqiqələrdə cinah ötürmələrinin sayını artıracaq. Həmin məqamlarda bəzi futbolçular düzgün mövqe seçmədilər və bu da buraxılan qollarla nəticələndi.

– İlk 15-20 dəqiqədə “Bayer”in inanılmaz təzyiqi var idi. “Qarabağ”ın həmin təzyiqdən qol buraxmadan çıxacağını gözləyirdiniz?

– Açığı, oyundan öncə meydan sahiblərinin ilk dəqiqələrdə qol vuracağını düşünürdüm. Matçın startında güclü təzyiq etdilər. “Bayer” kimi klublar çalışırlar ki, ilk dəqiqələrdə qol vursunlar. Hesabı erkən açmaq üçün oyunun tempini yüksəltmişdilər. Ardıcıl hücumları görəndə də fikirləşdim ki, “Qarabağ” hesabda geri düşəcək. Amma komandamız müdafiədə inamlı çıxış edərək buna imkan vermədi.

– Qırmızı vərəqə epizodu ilə bağlı düşüncəniz necədir? Sizcə, “Qarabağ” azlıqda qalmasaydı, mərhələni keçə bilərdimi?

– Məncə, həmin epizodda qırmızı vərəqə ağır qərar oldu. Çünki Elvin Cəfərquliyevdən arxada Bəhlul Mustafazadə var idi. Hakim sarı vərəqə ilə kifayətlənə bilərdi. İngiltərə Premyer Liqası kimi sərt mübarizənin getdiyi çempionatda hakimlik edir, buna rəğmən, həmin epizodda asan qırmızı vərəqə göstərdi. Bu qərar nəticədə böyük rol oynadı. Məncə, “Qarabağ” azlıqda qalmasaydı, mərhələni keçəcəkdi.

– Dünənki görüşdə “Qarabağ”ın heyətində ən çox kimin oyununu bəyəndiniz?

– “Qarabağ”ın heyətində bir çox futbolçu özünü yaxşı tərəfdən göstərdi. Bir-bir sadalamaq istəmirəm. Onu deyə bilərəm ki, 7-8 oyunçu komandanın uğur qazanması üçün çox şey etdi.

– Razısınız ki, bu uğurdan, “Bayer”lə belə oyunlardan sonra “Qarabağ” üçün aparıcı futbolçularını heyətində saxlamaq çox çətin olacaq?

– Əlbəttə ki, hər uğurlu nəticədən sonra “Qarabağ”ın oyunçularına təkliflər olur. Neçə illərdir bunun şahidi oluruq. İndi daha çox təklif gələcək. Artıq “Qarabağ”ın bir çox üzvünün adı böyük klublarla birgə hallanır, menecerlər tərəfindən izlənilir. Həmin futbolçuları heyətdə saxlamaq çətin olacaq. Amma “Qarabağ” da artıq böyük klubdur, öz nəticələrini düşünür. Əminəm ki, baş məşqçi Qurban Qurbanov və rəhbərlik təklif alacaq futbolçularla bağlı ən doğru qərarı verəcəklər.

– Hazırkı “Qarabağ” yayda heyətini bir qədər də gücləndirsə, avrokubokların növbəti mövsümündə daha böyük uğura imza ata bilərmi?

– Hər komanda transferlər edir ki, gələn mövsümdə daha yaxşı nəticələr göstərsin. Yəqin ki, “Qarabağ”da da bunu görəcəyik. İnşallah, “Qarabağ” yayda güclü futbolçular alaraq avrokubokların növbəti mövsümündə daha yaxşı nəticələrə imza atar.

AĞA

Shares: