“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 27-ci turunun “Neftçi” ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, komandasının 0:3 hesablı darmadağınına belə şərh verib:
“Oyunu iki hissəyə bölərdim. 3:0 darmadağın deməkdir. Bu hesab bir qapıya gedən, komandanın mərkəzi keçməməsi deməkdir. Amma biz 0:3 hesablı məğlubiyyətə layiq deyildik. Komanda ikinci hissədə diqtə etdi, dominantlıq göstərdi. Qol epizodlarımız çox idi. Heç bu qədər epizod yaratdığımız yadıma gəlmir. Sadəcə, keyfiyyət məsələsində geri qaldıq. İrəli baxmalıyıq. Təəccüblü olsa da, komandamın oyunundan, xarakterindən, hücumameyilli oynamasından razı qaldıq. “Neftçi” kimi böyük komandanı 90 dəqiqə ərzində təzyiqdə saxlamışıqsa, gələcəyə ümidlə baxmaq olar. Heç nə itirilməyib. Doqquz oyunluq marafonun finiş nöqtəsi var. Komanda ilə istədiyimiz yerlərə çatacağıq. Sadəcə asan qollar buraxırıq. Cərimə meydançasına atılan hər bir top bizim üçün faciəyə bərabərdir. Üçüncü qoldan danışmaq istəmirəm. “Neftçi”yə uğurlar arzu edib, təbrik edirəm. Qarşıdakı oyunlarımıza baxmalıyıq. Düzgün yoldayıq. Bütün oyunlarda keyfiyyətli futbol oynamağa çalışırıq. Alınır da.
Hər bir komandanın uğur qazanması üçün bəzi nüanslar çox vacibdir. Onların içərisində ənənə məsələsi var. “Neftçi” bu gün pis vəziyyətdə ikinci yeri tutanda, bəyənmirlər. Bu ənənədən xəbər verir. “Səbail” yenidir. Keçən il saman çöpündən tutub Premyer Liqada qalmaq uğrunda mübarizə apardıq. Yayda komanda 8-90- faiz yenidən quruldu. Futbolda üç nüans var: stabil heyət, stabil oyun və stabil nəticə. Bu üçü bir-birinə bağlıdır. Bizdə bunlardan biri hər zaman kənara çıxır. Stabilliyin olmaması zaman məsələsidir. Komandanın qarşısına qoyulan ən minimum vəzifə həll olunub, artıq iddialılar içərisindəyik. Oyunumuz var. “Səbail” futbol oynayır. Ən çox tam əmin olmadığım yer müdafiədəki oyunumuzdur. Onu düzəldə bilməmişik. Futbolçularım yaxşıdır. Zamanla onu da yoluna qoysaq….”Səbail” Azərbaycan çempionatında ən yaxşı futbol oynayan komandalardan biridir”.