“Neftçi” mövsümün 4-cü dövrəsi ərəfəsində son tura əla başladı. 3:0 əsas rəqiblərdən biri ilə oyunda sanballı hesablı qələbə sayılmalıdır. Həm də komanda bu nəticəyə tam layiq idi.

Bakılıların mövsümdə ilk dəfə birinci hissədə iki top fərqi ilə üstünlük qazanması, ilk böyükhesablı qələbəyə sevinməsi bəlkə də Emin Mahmudovun yoxluğu ilə bağlıdır. Zədəli kapitanın yoxluğunda orta sahə daha işlək təsiri bağışlayırdı. Emin bütün kombinasiyaların içində olmağa çalışır, bəzən hücumları ləngidirdisə, dünən “Neftçi” daha aktiv görünürdü. Düzdür, Mahmudovun az qala təkbaşına qazandığı matçlar da olub, amma onun yoxluğunda sanki komanda daha kompakt işləyirdi.

“Neftçi”nin qələbəsini qiymətli edən baxımlı futbol oynayan, möhkəm ortabablardan olan “Səbail”in darmadağın edilməsidir. Bu komandanın müdafiəsində bu qədər boşluq tapmağı hər komanda bacarmır. Mərkəz müdafiəçilərinin bərbad çıxışı təkcə standart vəziyyətdən sonra vurulan qollarda üzə çıxmadı, Yeqor Boqomolski bir az dəqiq oynasaydı, hesab faciəli həddə də çata bilərdi.

Ümumiyyətlə, meydan sahiblərində köhnə qvardiyanın yaxşı oynadığını vurğulamalıyıq. Yayda komandaya doldurulan faydasız əcnəbilər start heyətində hər nə qədər az olursa, oyun bir o qədər yaxşı alınır.

“Səbail”ə gəlincə, Şahin Diniyev komandasını baxımlı oyuna görə tərifləmədə haqlıdır. Lakin komandanın xüsusilə müdafiə planında ciddi qüsurları var. Komanda hücumda yaxşı görünə bilər, eyni zamanda rəqibə bu qədər şans vermək də qəbahətdir. “Dənizçilər”in müdafiəsinin mərkəzi boş dəhlizə bənzəyirdi və çoxsaylı epizodlardan yalnız üçü qolla bitdi.

Ən əsası, bu məğlubiyyət Dinyevin yetirmələrinin avrokubok iddiasına ciddi zərbə vurdu. 6 xallıq matçda əsas rəqibini bu qədər önə buraxmaq mövsümün sonunda təəssüflə xatırlanacaq. Çünki bu tur digər iddialıların “Səbail”i ötmək və uzaqlaşmaq şansı çoxdur. Hakim yardımı olmadan xal qazanmağa öyrəşməyən “dənizçilər” nəzərlərin üzərlərində olduğu növbəti matçlarda daha çox əziyyət çəkəcək.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp