“Qarabağ” futbol akademiyasının koordinatoru, Ağdam klubunun sabiq müdafiəçisi Aftandil Hacıyevin futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”ın Avropa Liqasının 1/8 finalının cavab görüşündə “Bayer”ə böyük hesabla uduzacağını deyənlər var idi. Ancaq təmsilçimiz 1/4 finala adlamaq imkanını son anda qaçırdı. Oyunla bağlı fikriniz necədir?

– Məncə, son oyunlardan sonra bir çox insanda yaxşı nəticəyə inam yaranmışdı. Məndə də inam var idi ki, layiqli oynayacağıq. Sürətli və emosiyalarla dolu bir görüş izlədik. Qollar, vərəqələr, taktiki gedişlər, psixoloji gərginlik və azarkeşlərin yaratdığı möhtəşəm atmosfer – çox maraqlı futbol gecəsi idi. Həm sevindik, həm də kədərləndik. Bütün hallarda xalqımız fəxr edə bilər ki, belə bir komandamız var.

– “Bayer” ilk dəqiqələrdə təzyiq göstərsə də, “Qarabağ” buna dözə bildi və erkən qol buraxmadı…

– Rəqib təkcə ilk dəqiqələrdə deyil, oyun boyu pressinq tətbiq etdi. İnanılmaz komandadır, oyunboyu bu tempi qoruyub saxlamağı hər kəs bacarmaz. Məndə inam var idi ki, bu görüşdə “Qarabağ” qol vuracaq. Çünki rəqib böyük qüvvə ilə irəli atılacaqdı, belədə müdafiədə boşluq olacaqdı. Hazırda “Bayer” Avropada ən formada olan komandadır. Buna baxmayaraq, “Qarabağ” oyunun çox hissəsində düzgün müdafiə olundu və sürətli hücumlar təşkil etdi, hətta azlıqda qol vurdu. Ancaq sonluq hamıya bəllidir. Azlıqda qalandan sonra belə rəqibə qarşı 30 dəqiqə müdafiə olunmaq olduqca çətindir.

– Elvin Cəfərquliyevin qırmızı vərəqə aldığı epizodla bağlı hansı fikirdəsiniz? Hakim öncə sarı vərəqə göstərsə də, VAR-ın müdaxiləsindən sonra qərarını dəyişdi…

– Bəlkə də sarı vərəqə ilə kifayətlənmək olardı. Ancaq qayda pozuntusu var idi.

– Azlıqda qaldıqdan sonra ikinci qolu vuracağımızı yəqin ki, heç kim gözləmirdi. Amma “Qarabağ” 10 nəfərlə də fərqlənməyi bacardı…

– Əlbəttə, Elvinə qırmızı vərəqə göstəriləndən sonra hesab arasındakı fərqin artacağını düşünmək çətin olardı. Amma qol vurduqdan sonra dərhal “Braqa” ilə matçın ssenarisi göz önünə gəldi və yenidən hər kəsdə inam artdı.

– Buraxılan ilk qolu oyunun əsas qırılma anı saymaq olar?

– Məncə, oyunun qırılma anı sırf qırmızı vərəqə idi. Çünki dəqiqələr 60-ı göstərirdi və oyunun 1/3 hissəsi qalmışdı. Bu cür rəqiblə matçda yarım saat çox vaxtdır. Qələbə hesabını qorumaq üçün həm məşqçilər, həm də futbolçular hər şey etdilər. Sadəcə, rəqibin gücü, ustalığı özünü göstərdi. Məğlub olsaq da, bu gün hər kəs “Qarabağ”ı göstərdiyi oyuna görə qalib kimi qəbul edir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp