Dünən “Qəbələ” irəli doğru bir addım atdı. Kaxaber Sxadadze Azərbaycana dönüşündən sonra ilk xalını qazandı. Amma əslində, komanda həm də iki addım gerilədi. “Kəpəz” bir xal yaxınlaşmağın qarşılığında mövsümün sonuna bir qədər də yaxınlaşmaq və ümidlərin daha da azalması faktı var.

Gəncəlilərin uduzduğu gün qələbə qazanmaq mümkün olsaydı, o zaman Premyer Liqada qalmaq yolunda önəmli iş görüldüyünü düşünmək olardı. Bu olmadısa, deməli, “Qəbələ”də klubdaxili ab-hava yenə yerində deyil və futbolçular ümidlənməyəcək. Təzyiqin altında əzilən heyət yükü qaldırmaq gücündə deyil.

Turun ikinci oyun günü “Zirə”nin qələbə həsrətinin bitməsi ilə nəticələndi. Turnir cədvəlində mövqeləri yetərincə zəifləmiş qəsəbə təmsilçisi uğursuz seriyaya son qoymaq üçün uyğun rəqiblə görüşdə büdrəmədi. “Kəpəz” üzərində qələbə rahat başa gəlmədi, amma önəmli olan yuxarı pillələrdə qalmaq idi. Düzdür, komanda bu gün digər iki əsas rəqibinin üz-üzə gəlməsi üzündən mütləq bir pillə enəcək, amma 3-cü dövrəni ilk “dördlük”də bitirmək bu gün üçün qənaətbəxşdir.

Gəncəlilər dünənki oyunda sonuncu pillədən kifayət qədər uzaqlaşmalarından arxayınlaşmadıqlarını göstərdirlər. Komanda əsas vəzifənin öhdəsindən gəlmək üçün maksimum çalışır. Bu dəfə xal qazanmaq mümkün olmadı, lakin “Kəpəz” oynadığı futbolla böhrandan uzaqdır.

“Kəpəz”ə bir xal yaxınlaşan “Qəbələ” iki xal itirdi. “Araz-Naxçıvan”ın məğlub edilməməsi digər autsayderə yaxınlaşmaq şansının da üstündən xətt çəkdi. Halbuki rəqibin yarım saat azlqda oynamasından yararlanmaq lazım idi. Belə şansları əldən verməklə “qırmızı-qaralar” öz taleyini özü yazır. Növbəti 9 turda 11 xallıq fərqi aradan qaldırmaq çətin olacaq. Hətta “Kəpəz” bütün matçlarda uduzsa da, “Qəbələ” özü qələbə qazanmağı öyrənməlidir. Əyalət təmsilçisi 9 turdur qələbə qazanmır və bu müddətdə yalnız bir xalla kifayətlənib.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp