Ölkə futbolunda heç vaxt indiki kimi qeyri-müəyyənlik olmayıb. Yeni AFFA prezidentinin seçilməsinə iki həftə qalıb, amma hər hansı hərəkətlilik yoxdur, hər şey qaydasında imiş kimi görünür.

Rövnəq Abdullayevin namizəd olmayacağını açıqlamasından sonra dəyişikliklər olacağı aksiomadı. Ən azı prezident postu yeni sahibinə qovuşacaq, digər dəyişikliklər də reallaşmalıdır. Köklü islahat olmayacaqsa, prezidenti dəyişməyin mənası yoxdur.

Prezdentliyə, eləcə də İcraiyyə Komitəsinə seçiləcək insanların siyahısı Hesabat-Seçki Konfransına 10 gün qalanadək müəyyənləşməli, namizədlər qeydiyyata alınmalıdır. Amma bizdə olan bilgiyə görə, bugünədək kimsə rəsmi prosedurdan keçməyib, hətta namizəd olmaq istəyənlər də qeydiyyata salınmır. Hamı yeni prezidentin hazır siyahıyla gəlməsini, İcraiyyə Komitəsinin üzvlərini də özünün müəyyənləşdirməsini gözləyir.

Bu düşüncəylə hakimiyyətə gəlmək istəyənlərin niyyəti futbolu inkişaf etdirmək ola bilməz. Çox güman, AFFA-da yalnız adlar dəyişəcək, yenilər daha səriştəsiz, daha bədniyyətli olduğundan ölkə futbolu daha da pis vəziyyətə düşəcək. İndidən Nizamnamə qaydaları pozulursa, sadəcə, öz monopoliyalarını yaratmaq istəyirlərsə, müsbət nələrsə gözləməyə dəyməz.

Prosesləri izləyirik və situasiya AFFA prezidenti postuna yeganə namizədin olacağını və təbii ki, məhz həmin şəxsin seçiləcəyini göstərir. Rövşən Nəcəf ən azı növbəti 4 ildə ölkə futbolunun inkişafına cavabdeh olacacaq. Lakin yalnız SOCAR prezidenti olmaq ona kresloda əyləşmək hüququ verməməlidir, Rövşən bəy strategiyasını, konsepsiyasını, planlarını açıqlamalı, seçicilərini ona səs verməyin doğruluğuna inandırmalıdır. Təyinatdırsa, başqa məsələ, yox, seçkidirsə, tez bir zamanda platformasını təqdim edərək namizədliyini verməlidir.

Rövşən Nəcəfə o vəzifə böyük futbol mütəxəssis olduğu üçün tapşırılmır, SOCAR-ın rəhbəri olduğu üçün tapşırılır. O da bunu dərk edib ətrafına dost-tanışı yox, mütəxəssisləri yığmalıdır, sələflərindən daha yaxşı işləyəcəyinin təminatını verməlidir. Əks halda, “Neftçi”dəki fiasko daha böyük miqyasda təkrarlanacaq. “Otur-dur”la işləyən İcraiyyə Komitəsi, büdcənin artırılması inkişafın təminatı deyil, maliyyənin dağıdılması üçün fürsətdir. Futbol ictimaiyyəti isə həqiqi inkişafa xidmət edəcək addımlar gözləyir.

Nəcəfin müəyyən addımları barədə ilkin informasiya var. Məsələn, o, İcraiyyə Komitəsinin bütünlüklə yenilənməsini istəyir. Bu, müsbət addımdır, çünki İK necə yarıtmaz işlədiyini illərdi göstərir. Lakin bu o demək deyil ki, Rövşən bəy komitəni “dəyişmək naminə” dəyişməlidir. İK-da futbol mütəxəssisləri, klublarında, federasiyalarda müsbət işi ilə seçilənlər toplaşmalıdır. Dost-tanış məclisi yaratmaq özünüifşa olacaq və seçki/təyinat günündən başlayaraq haqlı tənqidlər start götürəcək.

Rövşən bəy “Neftçi” idarəetməsini bir sıra kadrları ilə birlikdə AFFA-ya köçürmək istəyirsə, fiasko qaçılmazdır. “Makler”lərin, başqa idman növündən gələnlərin nəyi bacardığını hamımız gördük. Mətbuatın, ictimaiyyətin nəzərə alınmayan xəbərdarlıqlarının necə reallaşdığını Nəcəf unutmamalıdır. Adrian Mutu ilə qoşa çəkilmiş şəkilləri təmizlətməyə çalışmaq hələ hər şey deyil, yarım milyonluq futbolçuların oynamadan qazandıqlarını kiminlə böldüyünü də çox adam bilir.

Doğrusu, futbolumuzun sabahı ciddi təhlükədədir. Yox, kimsə Elxan Məmmədovun dəstəsinə rəhmət oxumayacaq. Lənətlik işlər görmüş adamlara rəhmət oxumaq çıxış yolunu bilməyənlərin vərdişi olar. Amma bugünədək atılan addımlarla yeni AFFA rəhbərliyinin heç ilk mandat müddətini bitirə bilməyəcəyi, bitirməyə layiq olmayacağı dəqiqdir.

Rövşən bəy futbolda sözünü demiş insanları yanına alıb ciddi fəaliyyətlə məşğul olmalıdır. Gənclər və idman naziri Fərid Qayıbov kimi Qurban Qurbanovla yanaşı dayanıb şəkil çəkdirmək, özünü gözə soxmaq, “bir yerdəyk” mesajı vermək lazım deyil. Bütün zamanların ən yaxşı baş məşqçisi ilə həqiqətən əl-ələ verib işləmək lazımdır. “İstifadə” niyyətinə düşənlərin hansı aqibəti yaşadığı Nəcəfə də görk olmalıdır, səmimi addımlar atıb həqiqi işbirliyinə çalışmalıdır. Qurbanovu tora salmaq, onu milli komandadan yayındırıb başqa proseslərə qoşmaq cəhdi yesiz oyunbazlıqdır, yığmanı yenidən əcnəbi məşqçiyə tapşırmağı heç kim gələcək rəhbərliyə bağışlamayacaq.

Nəticələri ilə uğur modeli kimi nümunə olan “Qarabağ” rəhbərliyində illərdi özünü sübut edən insanlar, beynəlxalq qurumlarda təmsil olunan Asif Əsgərov kimi kadrlar var. “Neftçi”nin, “Qəbələ”nin avrokuboklarda qruplara düşməsində rolu olanlar, bu klublarla yanaşı “Bakı” akademiyasında yeni nəslin yetişdirilməsində bacarığını sübut edənlər diqqətdən kənar qalmamalıdır. İcraiyyə Komitəsində, müxtəlif vəzifələrdə özünü işi ilə sübut etmiş insanlar təmsil olunmalıdır. Əks halda, başqa niyyətlə ələ keçirilən postlar sabah boyundan asılan yükə çevriləcək.

Rövşən bəy dost-tanışın, məqsədli insanların məsləhətlərinə qulaq asmamalı, yığmamızı böyük turnirlərin final mərhələsinə aparacaq, davamlı inkişafı təmin edəcək işlək komanda formalaşdırmalıdır. 16 il hakimiyyətdə olanları unutdurmaq, onların futboldakı xoşagəlməz izlərini silmək üçün 16 aydır futbolda olan gələcək prezidentin ciddi addımlar atması şərtdir. Aprelin 2-si sonun başlanğıcı olmasın!..

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp