“Qarabağ”ın bu mövsüm Avropa Liqasındakı parlaq çıxışı Avropa klublarının diqqətini çəkib.

Futbolinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu mənada “Beşiktaş” xüsusi fəallığı ilə diqqət çəkir. Bildirilir ki, İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba 1/8 final mərhələsinin “Bayer” – “Qarabağ” görüşünü tribunadan izləyib. Təcrübəli mütəxəssis Ağdam klubundan 3 nəfəri bəyənib. Braziliyalı hücumçu Juninyo ilə yanaşı, fransalı yarımmüdafiəçi Abdullah Zubir də Aybabanın rəhbərliyə təqdim etdiyi oyunçudur.

Onun bəyəndiyi digər sima isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov olub. Azərbaycan çempionunun mövsümün məğlubedilməz komandası önündə kompakt oyun sərgilməsi Aybabanı heyran edib. O, uzun müddətdir baş məşqçi seçimində yanılan səhbərliyə məhz Qurbanovu məsləhət görməyi düşünür.

Hazırkı baş məşqçi Fernando Santos da “Beşiktaş”ı düşdüyü durumdan çıxara bilməyib. Samet Aybaba da portuqaliyalının ayrılması təqdirində rəhbərliyə azərbaycanlı mütəxəssisin adını verəcək. Qurbanovun adı bir müddət əvvəl “Fənərbağça” və “Qalatasaray”la birgə hallanırdı. Lakin Türkiyə mətbuatı bu mənada “Beşiktaş” variantının daha real olduğunu vurğulayıb.

Qeyd edək ki, Qurban Qurbanov bir neçə gün əvvəl “Qarabağ”dan ayrılmaq fikrində olmadığını açıqlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp