Misli Premyer Liqasında 3-cü dövrə də geridə qaldı. Azarkeşlər 27-ci turda ümumilikdə 15 qol izlədilər. Qeydə alınan nəticələrdən sonra lider “Qarabağ” ən yaxın izləyicisi ilə aradakı xal fərqini 26-ya çatdırdı, ikinci pillənin sahibi isə yenə dəyişdi. Tur avtoqollar, penaltilər və qırmızı vərəqə ilə də yadda qaldı.

“Səbail” “Neftçi”yə qalib gələ bilmir

İlk 2 dövrədə “Səbail”dən 4 xal alan “Neftçi” rəqibinin qalibiyyət arzusuna 3-cü sınaqda da imkan vermədi. Matça istəkli başlayan “ağ-qaralar” ilk dəqiqələrdən üstünlüyü ələ aldılar. Ardıcıl hücumlar 24-cü dəqiqədə bəhrəsini verdi. “Səbail”in cərimə meydançasında yaranan qarışıqlıq zamanı Nir Bardea istəmədən topu öz qapısına göndərdi və avtoqol müəllifi oldu. Qonaqlar bu qolun şokundan ayılmamış ikinci dəfə mərkəzə dəvət olundular. Kilan Lebon və Yuri Matiasın iştirakı ilə qurulan hücumu Azər Salahlı dəqiq baş zərbəsi ilə məntiqi sonluğa çatdırdı. “Səbail”in ilk hissədəki tək real qol vəziyyətində isə Pedro Nunonun qüvvətli zərbəsinin qarşısını qapı dirəyi kəsdi.

İkinci hissənin əvvəlində Azər Salahlı dubl etmək imkanını qaçırdı. Onun budəfəki başla zərbəsini rəqib qolkiper dəf etdi. İlk yarı ilə müqayisədə fasilədən sonra azarkeşlər daha çox qol vəziyyətinin şahidi oldular. İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçdiyindən, gah “Səbail”in, gah da “Neftçi”nin qapısı önündə təhlükəli epizod qeydə alınırdı. “Dənizçilər”in heyətində xüsusən Nuno fəallığı ilə seçilirdi. Məğlub durumda olan “Səbail” böyük qüvvə ilə irəli atıldığından, “Neftçi”nin kəsərli əks-hücumları olurdu. Belə əks-hücumların birində Lebonun ötürməsindən sonra əlverişli mövqedə qərarlaşan Boqomolski dəqiq zərbə ilə oyunda son nöqtəni qoydu.

Şükürovlu “Kəpəz”in ən zəif oyunu

“Kəpəz”i qəbul edən “Zirə” ilk dəqiqələrdən üstünlüyü ələ aldı. Fasiləyədək bir neçə qol vəziyyəti yaradan qəsəbə təmsilçisi İqor Rodriqes səddini keçməkdə çətinlik çəkirdi. Portuqaliyalı qapıçı ilk hissədəki bütün qol epizodlarında komandasının xilaskarı olmağı bacardı.

İkinci hissəyə də meydan sahibləri daha istəkli başladılar. “Zirə”nin heyətində, xüsusilə, Salifu Suma fəallıq göstərirdi. Qvineyalı futbolçu, nəhayət, 1 saatın tamamında istəyinə çatdı. Qismət Alıyev və Rəhim Sadıxovun iştirakı ilə qurulan hücumun davamında Sumanın cərimə meydançası həndəvərindən vurduğu top dirəyə dəyərək qapıdan keçdi.

“Kəpəz” yalnız hesabda geri düşdükdən sonra fəallığı artırdı. Gəncəlilərin heyətində Martins Junior daha istəkli olsa da, onun canfəşanlığı səmərə vermirdi. “Kəpəz” bərabərlik qolunu axtardığı vaxtda ikinci qolu buraxdı. Olavale Onanuqanın cərimə meydançası daxilində Eldar Quliyevə qarşı kobud oyununu referi penalti olaraq qiymətləndirdi. Topa yaxınlaşan Qismət Alıyev isə şansı qaçırmadı.

Qalan dəqiqələrdə “Kəpəz”in gücü ancaq hesab arasındakı fərqi azaltmağa çatdı. Ehtiram Şahverdiyevin ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayan Martins Junior oyun ərzindəki fəallığını qolla nəticələndirsə də, qonaqlar məğlubiyyətdən xilas ola bilmədilər. Bu, Adil Şükürovun gəlişindən sonra “Kəpəz”in ən zəif oyunu kimi yadda qaldı.

Sxadadzenin ilk xalı və ya itirilən 2 xal

Kaxaber Sxadadzenin gəlişindən sonra uğursuz gedişatı dəyişə bilməyən və nəinki qələbə, bu turadək xal üzünə də həsrət qalan “Qəbələ” axır ki, gürcü mütəxəssisin rəhbərliyi altında ilk xalını qazandı. “Araz-Naxçıvan”ın qonağı olan “qırmızı-qaralar” ilk 20-25 dəqiqədə daha fəal idilər. Ancaq bu dəqiqələrdə qurulan hücumları məntiqi sonluğa çatdırmaq mümkün olmadı. Dəqiqələr keçdikcə “Araz-Naxçıvan” üstünlüyü ələ aldı. Nəticədə Naxçıvan klubu fasiləyədək hesabı açmağa müvəffəq oldu. Nicat Süleymanovun cərimə zərbəsindən ötürdüyü topu Numan Kurdiç dəqiq baş zərbəsi ilə qapıdan keçirdi. Meydan sahibləri ilk hissəyə əlavə olunmuş dəqiqələrdə topun İlkin Qırtımovun əlinə dəydiyini əsas gətirərək, penalti tələb etsələr də, referi “davam” işarəsini göstərdi.

İkinci hissə ev sahibləri üçün yaxşı keçmədi. 59-cu dəqiqədə “Araz-Naxçıvan” azlıqda qaldı. Oyunda hesabı açan Numan Kurdiçin “Qəbələ”nin üzvü Əyyub Allaşa qarşı kobudluğunu hakim rəqibi aşkar qol imkanından məhrum etmək kimi dəyərləndirdi və Numana birbaşa qırmızı vərəqə göstərdi. Çox keçmədi ki, qonaqlar “Araz-Naxçıvan”ın say azlığından istifadə edə bildilər. Rauf Hüseynlinin ötürməsindən sonra Osama Xalayla yaxın məsafədən qapını dəqiq nişan aldı.

Sxadadzenin rəhbərliyi altında ilk qələbəsini qazanmaq istəyən “Qəbələ” qalan dəqiqələri də hücumda keçirdi. Epizodların birində Allaşın başla zərbəsindən sonra qapı tiri “Araz-Naxçıvan”ı qoldan xilas etdi. “Qırmızı-qaralar” nə qədər çalışsalar da, qələbə qolunu vura bilmədilər. Nəticədə “Kəpəz”in məğlub olduğu turda “Qəbələ”nin gücü aradakı xal fərqini 11-ə endirməyə çatdı.

Tovuzda izdiham və dəyişməyən qərar

Turun ən çox azarkeş izlədiyi matçı Tovuzda keçirildi. “Turan Tovuz”un “Qarabağ”la görüşünə 6000 tamaşaçı tribunadan baxdı. Qonaqların çalışdırıcısı Qurban Qurbanov əsas heyətin üzvlərinə istirahət verdiyi halda, həmkarı Ayxan Abbasov zədələrlə əlaqədar bir neçə aparıcı oyunçunun xidmətindən yararlana bilmirdi.

Bununla belə, “Turan Tovuz” matça istəkli başladı və çox keçmədi ki, qarşılaşmada hesab açıldı. Meydan sahiblərinin liderlərindən olan Aleks Souzanın qarşısını cərimə meydançası daxilində kobudluqla kəsən Maksim Medvedev penaltiyə səbəb oldu. Ağ nöqtəyə yaxınlaşan Otto Con “Qarabağ”ın qolkiperi Luka Quqeşaşviliyə heç bir şans vermədi. 22-ci dəqiqədəki epizodda Con fürsəti dəyərləndirə bilsəydi, bəlkə də matç başqa hesabla nəticələnəcəkdi. Ancaq o, rəqib qapıçı ilə üzbəüz qaldığı epizodda dubl etmək şansını qaçırdı. İlk yarı “Turan Tovuz”un minimalhesablı üstünlüyü ilə başa çatdı.

Fasilədən sonra oyunun məcrası dəyişdi. Tədricən “Qarabağ” üstünlüyü ələ almağa, hücumlarının kəsərini artırmağa başladı. “Turan Tovuz” bu təzyiq qarşısında çox tab gətirə bilmədi. 56-cı dəqiqədə Riçard Almeydanın ötürməsindən sonra Nəriman Axundzadə dəqiq baş zərbəsi ilə topu qapıdan keçirdi və növbəti dəfə başla yaxşı oynadığını təsdiqlədi.

Qurban Qurbanov sonrakı dəqiqələrdə Olavio Juninyo, Abdullah Zubir və Leandro Andrade kimi əsas heyət üzvlərini meydana buraxınca “Turan Tovuz”un işi bir qədər də çətinləşdi. Çox keçmədi ki, qonaqlar hesabda önə çıxdılar. Patrik Andrade cərimə meydançasının azacıq kənarından dəqiq zərbə ilə Aydın Bayramovu məyus etdi.

Matçın son dəqiqələri daha gərgin keçdi. Ayxan Abbasovun yetirmələri məğlubiyyətdən xilas olmaq üçün böyük qüvvə ilə irəli atıldılar. Epizodların birində Belajdi Pusinin zərbəsindən sonra qapı tiri “Qarabağ”ın köməyinə çatdı. Matça əlavə olunmuş dəqiqələrdə hakim “Turan Tovuz”un futbolçusu İsmayıl Zülfüqarlının Juninyoya qarşı cərimə meydançası daxilində kobud oynadığını əsas gətirərək, penalti nöqtəsini göstərdi. Epizodun təkrarında İsmayılın Juninyoya toxunub-toxunmadığı qaranlıq qaldı. VAR-ın müdaxiləsi ilə epizodun təkrarına baxmağa dəvət olunan referi isə qərarını dəyişmədi və Toral Bayramov dəqiq zərbə ilə oyunun yekun hesabını müəyyənləşdirdi. Bu qələbə sayəsində “Qarabağ” ikinci pillə ilə aradakı xal fərqini 26-ya çatdırdı.

Renduliçli “Sabah” ikinci qələbə ilə ikinci pilləyə

Tura Sumqayıtda, şəhərin eyniadlı komandası və “Sabah”ın qarşılaşması ilə yekun vuruldu. Görüş böyük əhəmiyyət kəsb edirdi. Belə ki, qalib gələcək tərəf 2-ci pilləyə yüksələcəkdi. 6 xallıq matç hesab olunan dueldən qonaqlar qalib ayrıldılar.

Matçın əvvəli o qədər də maraqlı keçmədi. Hər iki komanda ehtiyatlı oyuna üstünlük verdiyindən, azarkeşlər uzun müddət qapılar qarşısında real qol vəziyyəti izləmədilər. “Sabah” 25-ci dəqiqədə yaratdığı ilk real qol vəziyyətini qolla tamamlamağı bacardı. Murad Xaçayevin cərimə meydançası daxilində topu istədiyi kimi qəbul edə bilməməsi “Sumqayıt”a baha başa oturdu. Bu səhvdən sonra topu ələ keçirən Kahim Parris onu daha əlverişli mövqedə dayanan Anatoli Nuriyevə ötürdü. Sonuncu isə topu Mehdi Cənnətovun ayaqları arasından keçirərək, hesabı açdı.

Nəticədən narazı qalan “Sumqayıt”ın baş məşqçisi Samir Abasov fasilədə gənc futbolçu Nihad Əhmədzadəni oyundan çıxararaq, yerinə Erik Sorqanı meydana buraxdı. İkinci hissəyə istəkli başlayan “gənclik şəhəri” təmsilçisi epizodların birində Səbuhi Abdullazadə ilə qola yaxın olsa da, onun zərbəsinin qarşısını “Sabah”ın qolkiperi kəsdi. Meydan sahibləri qol üçün irəli atıldıqları vaxtda növbəti dəfə mərkəzə dəvət olundular. Yenə diqqət mərkəzinə Murad Xaçayev düşdü. Buraxılan ilk qolda kobud səhvlə yadla qalan Xaçayev bu dəfə avtoqol müəllifi oldu. O, “Sabah”ın sağ cinah müdafiəçisi Amin Seydiyevin cərimə meydançası daxilinə ötürməsinin qarşısını kəsmək istəyərkən topu öz qapısından keçirdi.

Bu qoldan az sonra “Sumqayıt” hesab arasındakı fərqi azaltmağa yaxın oldu. Lakin Ninqanın yaxın küncə zərbəsini “Sabah”ın qapıçısı Nicat Mehbalıyev dəf etməyi bacardı. Növbəti epizodda Rövlan Muradovun da zərbəsini tutan Nicat 84-cü dəqiqədə heç nə edə bilmədi. Belə ki, meydana ikinci hissədə daxil olan Erik Sorqa fərdi ustalığı sayəsində bir qədər irəlilədikdən sonra cərimə meydançası həndəvərindən “doqquzluğu” dəqiq nişan aldı. Ancaq “kimyaçılar”ın bundan artığına gücləri çatmadı. Beləliklə, yeni baş məşqçisi Krunoslav Renduliçin rəhbərliyi altında ikinci görüşü də qələbə ilə tamamlayan “Sabah” turnir cədvəlində ikinci pilləyə yüksəldi.

AĞA

Shares: