“Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirovun futbolinfo.az saytına müsahibəsi

– “Sumqayıt”la oyunda qələbə qazandınız. Matçla bağlı düşüncələrin necədir?

– Ağır oyun oldu. “Sumqayıt”la əvvəlki matçlardakı kimi bu qarşılaşma da çətin keçdi. İlk hissədə hesabı açıb üstünlüyü ələ keçirdik. Fasilədən sonra daha bir dəfə fərqləndik. Bundan sonra rəqib təzyiqi artırdı. Son dəqiqələrdə qol buraxsaq da, yekunda qələbə hesabını qoruyub saxlaya bildik. Qalib gəldiyimizə görə şadam.

– Murad Musayevin gedişindən sonra komanda artıq özünə gəlməyə başlayıb. Səncə, onun zamanında niyə alınmırdı?

– Hər komandada mövsümün gedişində eniş və yüksəliş dövrü olur. Bütün mövsümü eyni tempdə keçirmək çox çətindir. Bu, futbolda adi haldır. Alınmadığını deməzdim, həmin vaxt da ilk “3-lük”lə aramızda xal fərqimiz çox az idi.

– Yeni baş məşqçiniz Krunoslav Renduliç barədə düşüncələrin necədir? Düzdür, təzə gəlib, amma ən azından ilkin təəssüratlar var…

– Ambisiyalı, təcrübəli baş məşqçidir. Onunla çalışmaq mənim üçün xoşdur. Ümid edirəm ki, bu çalışdırıcı ilə hədəflərimizə çatacağıq.

– Komanda artıq turnir cədvəlində 2-ci pillədədir. Bu yeri qoruyub saxlamaq mümkün görünür?

– Açığı, mən hazırda turnir cədvəlinə köklənmirəm. Daha çox öz oyunumu yaxşılaşdırmaq, komandama daha faydalı olmaq üçün çalııram. Bunlar olandan sonra nəticə olacaq.

– Mövsümün sonu avrokuboklar zonasında ciddi rəqabət olacaq. Buna komandanız tam hazırdır? Son nəticələr psixoloji cəhətdən sizə yaxşı təsir edib?

– Əlbəttə ki, mövsümün həlledici mərhələsi gedir. İndi qazanılan hər xal çox vacibdir. Son oyunlarda qazanılan qələbələr bizə əlavə güc, motivasiya verir.

– Qarşıda “Zirə” ilə oyun var və çox vacib matçlardan biridir. Qələbə qazanaq biləcəksiz?

– Çempionatda hər bir oyun çətin keçir. Bu matçda da bizi gərgin mübarizə gözlədiyini bilirik. “Zirə” iddialı komandalardandır. Lakin biz meydana qələbə üçün çıxacağıq. “Zirə” ilə matç milli komandalara görə yaranan fasilədən sonra baş tutacaq. Bu aradan istifadə edib üzərimizdə daha çox çalışmalıyıq, çatışmayan cəhətlərimizi aradan qaldırmalıyıq. İnanıram ki, qalibiyyətlə ayrılacağıq.

FƏRİD

Shares: