Son vaxtlar pul qazanmaq üçün FİFA və UEFA o qədər mənasız turnirlər təşkil edir ki, onları tənqid etmək üçün hər cür ifadələrdən istifadə olunub. Vəziyyəti dəyişmək mümkün olmur. Sıx qrafiklə oynayan futbolçuları nəzərə alan yoxdur.

UEFA-nın hoqqaları bizim futbolumuza da təsir edir. Məsələn, millimiz seçmə mərhələlərdən kənar Millətlər Liqasında oynamağa məcbur olur, klublarımız Konfrans Liqasına “sürgün olunur”. FİFA da UEFA ilə bəhsə girdiyi üçün Klublararası Dünya Çempionatı təşkil edir. Təbii ki, bizim klubların o yarışda işi yoxdur. Amma dünyanın ali futbol qurumu elə bir tor hazırlamaq istəyir ki, bizim kimi kiçik balıqlar da ora düşsün.

Budur, bir neçə ay əvvəl adıçəkilən təşkilat yeni turnir yaratdığını elan etdi. Söhbət “FIFA series – Edition 2024”dən gedir. Bunu təşkil etməklə müxtəlif qitələrin ən zəif komandalarını bir-biri ilə üzləşdirmək qərarına gəliblər. Yəni, Azərbaycan millisi dünya çempionatına çıxıb başqa qitələrin güclü yığmaları ilə oynaya bilmirsə, heç olmasa, öz babında olan digər qitənin komandalarıyla qarşılaşsın. Bununla futbolda yarı sosializm, yarı qloballaşma ab-havası yaradırlar.

Söhbəti uzatmadan keçək mətləbə. FIFA özünü bizə çox yaxın bilərək yeni formatlı yarışın bir mərhələsini Bakıya salmaq qərarına gəlib. Beləliklə də ölkəmizə Avropadan Bolqarıstan, Asiyadan Monqolustan, Afrikadan isə Tanzaniya milliləri gələcək. Bəlkə də bu ölkələrin hamısı üçün kəsişmə nöqtəsi kimi Azərbaycanı seçiblər.

Bizim komanda isə yalnız Tanzaniya ilə oynamayacaq. Bir növ DÇ-1954-ün qrup mərhələsi kimi. Qrupda 4 komanda var, sənin komandan isə 3 rəqibdən ikisi ilə oynayacaq. Bunun nə dərəcədə özünü doğruldacağını deyə bilmərik. Bu haqda heç mülahizə yürütməyə də dəyməz. Bizim borcumuz rəqiblərimizi qısaca da olsa, tanıtmaqdır. Təbii ki, əsas diqqəti Monqolustan və Bolqarıstan yığmalarına yönəldəcəyik.

Millimiz ilk oyununu martın 22-də Monqolustan yığmasına qarşı oynasa belə, ilk olaraq bolqarlar haqda danışmaq istərdik. Hər halda, bizim komandanı Tanzaniya və Monqolustanla tərəzinin bir gözünə qoyub, bolqarları o biri tərəfə keçirsələr, üçümüz birgə “yüngül” olduğumuza görə yuxarıda qalarıq. Bolqarıstan millisi DÇ-1994-də yarımfinala yüksələn komandadır. 2004-cü il Avropa çempionatının final mərhələsindən sonra heç bir böyük turnirə qatıla bilməyən şərqi avropalılar ona qədər zaman-zaman böyük turnirlərin final mərhələsinə vəsiqə qazanıb. Hər halda, 7 dəfə dünya, 2 dəfə də Avropa çempionatının həlledici etapına yüksələn komandadan danışırıq. Sadəcə, son 20 ildə keçmiş günlərindən çox uzaqda qalıblar.

Bolqarıstan 1960-cı illərdə Asparuxov, 1990-cı illərdə Stoiçkov, 2000-ci illərdə isə Berbatov kimi hücumçularla dünya futboluna iz salıb. Hələ biz Xristo Bonev, Emil Kostadionv, Yordan Leçkov, Borislav Mixaylov, Radostin Kişişev və Krasimir Balakov kimi neçə-neçə futbolçunun adını çəkmirik.

Bəs, Bakıya gələn komandanın heyətində kimlər var? Hazırda FİFA-nın reytinqində 15-ci sırada qərarlaşan yığmanın heyətində “böyük beşlik” komandalarından iki oyunçu gözə dəyir. Söhbət “Kremoneze”nin müdafiəçisi Valentin Antovla “Spetsiya”nın arxa xətt oyunçusu Petko Xristovdan gedir. Çempionşipdə mübarizə aparan “Lids”in yarımmüdafiəçisi İlya Qruevlə II Bundesliqadan “Qröyter”in xavbeki Lukas Petkov az-çox normal liqada oynayır. Digər ikinci dərəcəli Avropa ölklələrində oynayanları da var. Məsələn, “Çaykur Rizəspor”da Martin Minçev kimi hücumçuları oynayır. Kapitanları Kiril Despotov isə PAOK-un şərəfini qoruyur.

Seçmə mərhələlərdə ümidləri doğrultmayan bolqarlar Millətlər Liqasında da bir dəfə B divizionuna yüksəlib, sonradan C-də məskunlamağa məcbur olublar. Yeri gəlmişkən, bu komandanın baş məşqçisi İlian İliyev 1991-2000-ci illərdə Bolqarıstan yığmasında oynayıb. Məşqçi kimi ən böyük uğuru 2010-cu ildə “Beroe”yə Bolqarıstan Kubokunu qazandırmaq olub.

Bolqarlar heç olmasa, son 20 ildə səhnədən çəkiliblər, Monqolustan ümumiyyətlə, futbol tarixində olmayıb. Dünya tarixində Çingiz xanın dövründə adlarından söz etdirən monqollar hazırda ölkə kimi də gözdən-könüldən uzaqdadırlar. Zarafat deyil, hazırda FİFA reytiniqində 190-cı pillədə qərarlaşan komandadan danışırıq. Monqolustan millisinin tarixi ərzində reytinqdə ən yaxşı yeri 2011-ci ildə 160-cılıq olub. Tarixlərində ən böyükhesablı qələbələri 2018-ci ildə Şimali Marian adaları yığması üzərində olub – 9:0. Ən böyükhesablı məğlubiyyətləri isə 1998-ci ildə Özbəkistan seçməsi ilə oyunda qeydə alınıb – 0:15.

Hazırda bu ölkənin millisində legioner həyatı yaşayan 2 oyunçu var. Bunlardan biri Çexiyanın Karlovı Varı şəhərinin “Slaviya” komandasının müdafiəçisi Filip Çinzoriq, digəri isə Slovakiyanın “Komamo” komandasının hücumameyilli yarımmüdafiəçisi Qanbayar Qanbolddur. Maraqlıdır ki, bu iki futbolçu Monqolustan futbolunun yetirməsi deyil. Çinzoriq Danimarkada doğulub, Qambold isə Macarıstanın “Puşkaş Akademiyası” klubunun yetirməsidir. Monqolustan millisinin baş məşqçisi 59 yaşlı yaponiyalı mütəxəssis İçiro Otsukadır.

Bizə rəqib olmayacaq Tanzaniya seçməsi isə hazırda FİFA reytinqində 119-cu sıradadır. Bizdən 6 pillə aşağıdadırlar. Ümumi planda bu komandaya Afrikanın ortabablarından demək olar. Hər halda, bu komanda 3 dəfə Afrika Millətlər Kubokunda mübarizə aparıb. İlk dəfə 1980-ci ildə final mərhələsinə vəsiqə qazanıblarsa, 2019 və 2023-cü illərdə bunu yenə bacarıblar. 2027-ci ildə isə turnirin təşkilatçısı kimi həlledici mərhələdə oynayacaqlar.

Bu komandada normal klublarda oynayan futbolçular var. Məsələn, hazırda PAOK-da oynayan Mbvana Samattanın adını çəkə bilərik. Yəqin ki, onu “Fənərbağça”dan tanıyırsınız.

Qeyd edək ki, millimiz “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.

FƏRİD

Shares: