AFFA İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşməkdədir. Assosiasiyada aparılacaq islahatlardan sonra əvvəlki tərkibdə yalnız bir neçə nəfər yerində qalacaq.
Düzdür, apreln 2-də keçiriləcək seçkilərdən sonra dəqiq siyahı müəyyənləşəcək. Lakin namizədlərin sayının komitədəki yer sayı qədər olacağını nəzərə alsaq, deməli, 13 nəfərin hamısı İcraiyyə Komitəsinn yeni tərkibində yer alacaq.
“Futbolinfo” İK-nın yeni tərkibində yer alacaq şəxslərin ilkin siyahısını əldə edib. Bugünədək namizədliyini verəcəyi bəlli olan şəxslər bunlardır: Rövşən Nəcəf (gələcək AFFA prezidenti kimi İK-da yeri vakantdır), Elşad Nəsirov, Könül Mehtiyeva (hər ikisi köhnə komandadan qalıb), Səməd Qurbanov, İqor Ponomaryov, Maqsud Adıgözəlov, Balakişi Qasımov.
Digər 6 yer üçün hazırda son məsləhətləşmələr aparılır. Hətta onlardan 3 nəfərinin kimliyi də bəllidir, lakin hələ namizədlikləri 100 faiz dəqiqləşməyib, qalan 3 yer uğrunda isə köhnə komandadan olanlar mübarizə aparır. Martın 22-dək tam siyahı dəqiqləşəcək və ictimaiyyətə açıqlanacaq.