2008-2012-ci illərdə “Bakı” klubunda oynamış xorvatiyalı yarımmüdafiəçi Ernad Skuliçin futbolinfo.az saytına müsahibəsi

– Hazırda hansı işlə məşğulsunuz? Məşqçi kimi fəaliyyət göstərirsiniz?

– Futbol sahəsindəyəm. “İnter Zapreşiç” klubunun futbol məktəbinin direktoru vəzifəsində çalışıram.

– Azərbaycanla bağlı hansı xatirələriniz qalıb?

– Olduqca müsbət xatirələrim qalıb. Karyeramın ən yaxşı illərini Azərbaycanda keçirmişəm. Azərbaycan deyəndə yadıma gözəl ölkə, mehriban insanlar düşür. Ölkənizdə özümə çoxlu dost qazandım.

– 4 il “Bakı” klubunda çıxış etmisiniz. Sabiq komanda yoldaşlarınızdan kimlərlə əlaqəniz qalıb?

– Demək olar ki, hər gün Aleksandr Şoliç və Marko Şarliya ilə danışıram. Bir də Saşa Yunisoğlu ilə münasibətim qalıb. Arada onunla da söhbətləşirik.

– “Bakı”da keçirdiyiniz hansı oyunları hələ də unuda bilməmisiniz?

– Belə matçlar çox olub. Birini fərqləndirmək lazımdırsa, onda “Bazel” ilə avrokubok görüşlərini yada salardım. Bakıda 1:3, səfərdə isə 1:5 hesabı ilə uduzmuşduq. Bakıdakı matçda yaxşı oyun sərgiləmişdik.

– Azərbaycan Premyer Liqasını izləyirsiniz? Futbolumuzda hansı dəyişikliklər baş verib?

– İmkan daxilində izləyirəm. Son illərdə “Qarabağ” dəfələrlə çempion olub. Mən “Bakı”da oynadığım vaxtda çempionluq uğrunda daha çox komanda mübarizə aparırdı.

– Hazırda Azərbaycan çempionatında çıxış edən xorvat futbolçuları tanıyırsınız?

– Xeyr. Açığı, hazırda Azərbaycan Premyer Liqasında hansı xorvatiyalı futbolçuların oynamasından xəbərsizəm.

– Bu yaxınlarda “Sabah” klubu xorvatiyalı məşqçi Krunoslav Renduliçlə müqavilə imzaladı. Komanda onun rəhbərliyi altında keçirdiyi hər 2 görüşdə qələbə qazanıb. Renduliçi yaxından tanıyırsınız? Sizcə, o, Azərbaycanda uğurlu ola biləcək?

– Renduliçi tanıyıram. Onunla bir yerdə futbol oynamışıq. Çox yaxşı insan və bacarıqlı məşqçidir. Düşünürəm ki, Renduliçə lazımi qədər vaxt verilsə, yaxşı nəticə göstərə biləcək.

– “Bakı” klubu artıq illərdir ki, fəaliyyətini dayandırıb. Cari mövsümdən isə “Bakı”nın sələfi “Dinamo” komandası II Liqada çıxış etməyə başlayıb. Bu barədə nə deyə bilərsiniz?

– “Dinamo”nun II Liqada çıxış etdiyini eşidəndə çox sevindim. Çox istərdim ki, bu komanda Premyer Liqaya yüksəlsin. Ümid edirəm ki, bu, yaxın illərdə reallaşacaq.

– Nəvaxtsa Azərbaycana məşqçi kimi qayıtmaq istərdiniz?

– Hazırkı işimdən əlavə biznesim var. İndiki məqamda Azərbaycana məşqçi kimi dönməyim alınmaz. Ancaq Bakıya gəlməyi çox istərdim. Bu şəhəri sevirəm. Bakı mənim üçün doğmadır.

AĞA

Shares: