Sərlövhədə təhqir elementi axtarmayın. Oyunun verdiyi təəssüratı nəzərdə tuturam. Milli komandamız qalib gəlib, amma sanki uduzmuş monqollar kimiyik. Qələbə heç bir müsbət emosiya gətirməyib.
Azərbaycan yığması tarixi ərzində heç vaxt bu qədər zəif rəqiblə qarşılaşmamışdı. Hətta cırtdan ölkə komandalarının, vaxtilə darmadağın etdiyimiz Lixtenşteynin də heyətində normal futbol oynayan bir neçə futbolçu olurdu. Bakıda qonaq olan Monqolustan yığması isə…
Rəqibin oyununda hər hansı ciddi məşqçi işindən danışa bilməyəcəyik. Oyunçuların keyfiyyəti buna imkan vermirdi. Sadəcə, topu cərimə meydançasından uzaqlaşdırmaqla məşğul idilər. Qapıçının əlcəkləri tüstülənirdi, dirəklər silkələnir, müdafiəçilər özünü zərbənin altına atırdı. Ümumi götürəndə komandamız 90 dəqiqəni hücumda keçirdi, ardıcıl hücumlar təşkil etdi.
Son dəqiqədə də olsa, qələbə qolunu vurmaq mümkün oldu. Halbuki belə rəqib darmadağın edilməliydi. Bizimkilərin ustalıq səviyyəsi yüksək olduğundan hesab daha erkən açılmalı, qollar sıralanmalı idi. İnanın, hətta 5-6 topluq qələbə də hamını razı salmayacaqdı, o ki qaldı 1:0 ola.
İstənilən halda, Arif Əsədov millini baş məşqçi kimi meydana çıxartdığı oyunda statistikasını yaxşılaşdıra bildi. Onun rəhbərliyi altında debüt edənlər də oldu. Tarixdə bu qalacaq, Monqolustanla necə oynadığımız yox.
Milli komanda ümid verdimi? Yox. Amma bu, indinin problemi deyil, son 15-16 ildə futbolumuz o qədər bərbad idarə olunub ki, indi çürük meyvələrini toplayırıq.
Monqolustan millisi ilə oyunun nəticəsinin ciddi önəmi yoxdur. Sərgilənən futbol dünyanın ən zəiflərindən olan asiyalıları çətinliklə yenməyə kifayət edirsə, deməli, monqollardan ciddi şəkildə fərqimiz yoxdur. Özümüzü monqol kimi hiss edə bilərik.
FƏRİD