“Kəpəz”in portuqaliyalı qapıçısı İqor Rodriqesin futbolinfo.az saytına müsahibəsi
– Söhbətə Misli Premyer Liqasının XXVII turunda “Zirə”yə uduzduğunuz (1:2) oyundan başlayaq…
– Zənnimcə, matça yaxşı başlamadıq. Kiçik texniki səhvlərə yol verdik. Bundan əlavə, yaratdığımız qol imkanlarından lazımınca faydalana bilmədik. Bunun da nəticəsində meydanı məğlub tərk etmək məcburiyyətində qaldıq.
– Razısınız ki, bu, Adil Şükürovun baş məşqçi postuna gəlişindən sonra “Kəpəz”in ən zəif oyunu idi? Səbəbi nədə görürsünüz?
– Xal qazana bilmədiyimiz bütün matçlar bizim üçün pis oyunlar kateqoriyasına aiddir. Əfsuslar olsun ki, “Zirə” ilə görüşdə bəxtimiz gətirmədi. Amma ümumi götürsək, komanda yaxşı oyun sərgiləyir. Buraxılan səhvlərin üzərində dərhal işləyirik, çalışırıq ki, növbəti turda onlar təkrarlanmasın.
– Adil Şükürovu bir məşqçi kimi necə xarakterizə edərdiniz? Onunla çalışmaq sizin üçün rahatdır?
– Şəxsən mənim üçün Şükürov yaxşı insan və peşəkar məşqçidir. O, komandaya, hər bir futbolçuya hörmətlə yanaşır. Bunu yüksək qiymətləndirirəm. Futbolda qarşılıqlı hörmət vacib faktordur.
– Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə “Kəpəz”in xeyrinə olacaq, ya ziyanına?
– Bu fasilə bizə imkan verir ki, qarşıdakı oyuna vaxt baxımından daha çox hazırlaşaq. Bu fürsətdən maksimum faydalanmalıyıq.
– Növbəti oyununuz “Qarabağ”a qarşı olacaq. Liderlə matçda xal qazanmaq şansınız varmı?
– “Qarabağ”ın əla komandası olmasına heç kimin şübhəsi yoxdur. Ancaq biz dərk edirik ki, cari mövsüm rəqabətli keçir, bütün komandalar bir-birindən xal və ya xallar almaq gücündədirlər. Biz də bunu əsas götürərək, matça istəkli çıxacağıq.
– Azərbaycan çempionatındakı performansınız sizi tam qane edir?
– Onu deyə bilərəm ki, Azərbaycanda mənə verilən fürsətdən maksimum faydalanmağa çalışıram. Özümü işə, məşqlərə həsr edirəm. Çalışıram ki, bütün məqamlarda özümü peşəkar kimi aparım. Bu mövsümün mənim üçün uğurlu keçdiyini deməyə haqqım çatır. İlk növbədə ona görə ki, oyunlarda iştirak edirəm və komandama kömək etmək imkanına sahibəm.
– Misli Premyer Liqasının səviyyəsindən razısınız?
– Razıyam. Dediyim kimi, Azərbaycan çempionatında güclü rəqabət var. Futbolun maraqlı olması üçün rəqabət vacibdir. Turnir cədvəlinə baxsaq, görərik ki, əksər komandalar arasında cüzi xal fərqi var. Bu da liqanın rəqabətli olduğunu təsdiqləyir.
– “Kəpəz” sonuncu dövrəyə “Qəbələ”dən 11 xal öndə start verəcək. Komandanızın Premyer Liqadakı yerini qoruyacağını indidən əminliklə söyləmək mümkündür?
– Premyer Liqada qalacağımız riyazi baxımdan hələ təsdiqlənmədiyi üçün indidən konkret fikir söyləyə bilmərik. Demək istədiyim odur ki, biz hər gün bu məqsədə çatmaq üçün çalışırıq. Komandada hər şey qaydasındadır, hamı özünü yaxşı hiss edir. Xallarımızı qazanıb sonuncu pillə ilə aradakı xal fərqini artıra bilmişik. Ancaq hələ mövsüm başa çatmayıb. İnanıram ki, xal fərqini sonadək saxlaya və Premyer Liqada qala biləcəyik.
FƏRİD