“Turan Tovuz”un futbolçusu Fərid Nəbiyevin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının son turunda “Qarabağ”la oyunda hesabı açan və fasiləyə üstün yollanan tərəf olsanız da, yekunda meydanı xalsız tərk etdiniz. Yaxşı nəticə əldə etmək üçün nə çatmadı?

– “Qarabağ”a qarşı layiqli mübarizə apardığımızı düşünürəm. Rəqibin gücü hər kəsə bəllidir. Liderə qarşı oynayırdıq. Sonda keyfiyyət öz sözünü dedi. Amma belə oyunlar komanda olaraq böyüməyimizə kömək olacaq.

– Rəqib sonuncu qolu penaltidən vurdu və həmin penalti qərarı birmənalı qarşılanmadı. Sizin o epizodla bağlı fikriniz necədir?

– Epizodun təkrarına baxanda penalti olduğu görünmür. Amma yəqin ki, hakim o anda nəsə görüb elə qərar verdi.

– Növbəti turda sizi “Səbail” ilə səfər qarşılaşması gözləyir. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz?

– Hər iki tərəf üçün vacib oyundur. Düzdür, səfərdə oynayacağıq. Buna baxmayaraq, əlimizdən gələnin ən yaxşısını edərək Bakıdan sərfəli nəticə ilə qayıtmaq istəyirik.

– Bu görüşdə qardaşınız Yusif Nəbiyevlə rəqib kimi üz-üzə gələcəksiniz. Onunla meydanda qarşılaşanda hansı hissləri keçirirsiniz?

– Əlbəttə, qardaşımla rəqib kimi üz-üzə gəlmək fərqli hisslərdir. Amma oyunda dostluğu, qardaşlığı bir kənara qoyub öz işimizə peşəkar yanaşırıq. Matçdan sonra isə həmişəki kimi bir yerdə olacağıq.

– “Turan Tovuz”un geridə qalan 3 dövrədəki çıxışını necə qiymətləndirirsiniz?

– Bəzi görüşlərdə cüzi səhvlər etməsəydik, yəqin ki, bu dəqiqə xallarımız daha çox olardı. Hələ heç nə bitməyib, mübarizə davam edir. Qarşıda 9 oyun var. Hər şey öz əlimizdədir. Turnir cədvəlində daha yuxarı pillələrə qalxmağa çalışacağıq.

– Hazırda sizi ikinci pillədən cəmi 5 xal ayırır. Necə düşünürsünüz, mövsümün sonunda avrokuboklara vəsiqə qazanan komandalardan biri ola biləcəksiniz?

– Hər şey öz əlimizdədir. Dediyiniz kimi, arada cəmi 5 xallıq fərq var, bizim də ikinci pilləni tutmaq şansımız qalır. Niyə də olmasın?! Mübarizəmizi davam etdirəcəyik.

– Milli komandanın toplanışına dəvət alan futbolçuların sırasında yer almadınız. Yığmaya dəvət gözləyirdiniz?

– Xeyr, dəvət gözləmirdim.

– “Turan Tovuz”un aparıcı futbolçularından birisiniz. Dəvət gözləməməyiniz nə ilə bağlıdır?

– Ümumi olaraq, heç vaxt dəvət gözləməmişəm.

– Belə çıxır ki, qarşıdakı müddətdə də milliyə çağırılacağınıza inanmırsınız?

– Yeni baş məşqçi gələndən sonra ümidim yarana bilər.

AĞA

Shares: