2019-cu ilin dünya çempionu, dünya reytinqində ikinci sırada olan ingilis snukerçi Cad Tramp Çinin Yuşan şəhərində keçirilən “World Open 2024” turnirinin qalibi olub. Yarışların ümumi mükafat fondu 170 min funt sterlinq təşkil edib.

Final görüşündə Tramp dünya reytinqinin doqquzuncu pilləsində qərarlaşan çinli Dinq Junhuini məğlub edib. Görüş 10:4 hesabı ilə başa çatıb.

Bu, ingilis idmançının cari mövsümdə qazandığı 5-ci, karyerasında isə 28-ci tituludur. Qeyd edək ki, Tramp son beş ildə üçüncü dəfədir ki, bir mövsümdə beş (və ya daha çox) reytinq titulunu qazanır.

Trampdan başqa, snuker tarixində bir mövsümdə yalnız dörd nəfər beş və ya daha çox reytinq titulunu qazanıb: Bunlar Stiven Hendri (1990/1991 mövsümündə beş), Dinq Junhui (2013/2014 mövsümündə beş), Mark Selbi ( 2016/2017 mövsümündə beş) və Ronni O’Sallivandır (2017/2018 mövsümündə beş).

Xatırladaq ki, dünya reytinqinin lideri ingiltərəli Ronni O’Sallivan turnirdə mübarizəni 1/8 final mərhələsində iranlı Hüseyn Vəfaiyə məğlub olaraq başa vurmuşdu.

Shares: