MBA-da bu gecə 11 oyun baş tutub. Ən yaddaqalan hadisə iki görüşdə gerçəkləşib.
“Atlanta Houks” komandası klub tarixinin ən böyük geridönüşünü həyata keçirərək “Boston Seltiks”ə qalib gəlib – 120:118. Çempionatın lideri 30 xallıq üstünlüyü qorumağı bacarmayıb. Boston komandasının heyətində Ceyson teytum 37 xal toplayıb.
Digər önəmli hadisəyə Sakramento azarkeşləri şahidlik ediblər. Litvalı basketbolçu Domantas Sabonis oyunu 11 xal, 13 ribaund və 10 asistlə tamamlayaraq tripl-dabl edib. Əfsanəvi basketbolçunun oğlu ardıcıl 54-cü oyunda dabl-dabl etməyi bacarıb. Bu da MBA ilə ABA-nın 1976-cı ildə birləşməsindən sonra ən uzun seriyadır. Görüşdə isə “Sakramento Kinqs” “Filadelfiya Siksers”ə 108:96 hesabı ilə qalib gəlib.
“Hyuston Rokets”in də qələbə seriyası davam edir. Alperen Şengünün zədələnməsindən sonra qələbə seriyası əldə edən komanda bu dəfə “Portlend Treyl Bleyzers”i məğlubiyyətə uğradıb – 110:92. Bununla da “Rokets” qələbələrin sayına görə “Qolden Steyt Vorriors”a çatıb.
“San Antonio Spörs” doğma arenada “Finiks Sans”dan üstün olub – 104:102. Vembanyamanın olmadığı oyunda türkiyəli basketbolçu Cedi Osman 7 xal toplayıb.
“Yuta Caz” doğma arenada “Dallas Maveriks”ə 115:125 hesabı ilə məğlub olub. Luka Donçiç görüşdə tripl-dabl edib. Serbiyalı basketbolçu Nikola Yokiçə isə tripl-dabl etmək üçün 2 asist çatmayıb. Onun komandası evdə “Memfis Qrizliz”ə qalib gəlib – 128:103.