Mayamidə keçirilən tennis üzrə “Masters” seriyalı turnirdə azarkeşlər arasında tanınmış simaları da görmək mümkündür. Xüsusilə də Karlos Alkarasın oyunlarına məşhur idmançılar təşrif buyurur.
İspaniyalı raketka ustasının 1/16 final mərhələsində Qael Monfisə qarşı oyunu da belə olub. Matçı tribunalardan braziliyalı futbolçu Neymar izləyib. “Əl Hilal”ın zədəli futbolçusununm yanında MBA klublarından “Mayami Hits”in lideri Cimmi Batler də olub.
Oyundan sonra ulduz idmançılar Karlos Alkarasla şəkil çəkdirib. Onlardan başqa, oyunu izləyənlər arasında dünya tennis reytinqinin keçmiş 3 nömrəsi argentinalı Xuan Martin Del Potro da olub.
Xatırladaq ki, ispaniyalı tennisçi Qael Monfislə oyunda qalib gələrək 1/8 fnala yüksəlib. Bu mərhələdə onun rəqibi italyan tennisçi Lorenso Muzetti olacaq.