Türkiyəli mütəxəssis Rıza Çalımbay Azərbaycan millisini çalışdırmaq variantını növbəti dəfə təsdiqləyib. Mövsümün gedişində “Beşiktaş”dan ayrılan məşqçi aprelin 2-də AFFA-da reallaşacaq prezident seçkilərini gözlədiyini bildirib.

61 yaşlı çalışdırıcı seçkilərdən sonra təklif gözlədiyini etiraf edib: “Azərbaycan millisinə məni məsləhət görmüşdülər. Mən də “görüşə bilərik” cavabını vermişdim. Orada yerli assosiasiyanın prezident seçkiləri olacaq. Bu üzdən hələlik danışıq dayandırılıb. Seçkilərdən sonra məsələ yenidən gündəmə gələ bilər”.

Çalımbay Türkiyə Superliqasında çıxış edən bir neçə klubdan təklif aldığını, lakin onlara “yox” cavabını verdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Canni de Byazinin istefasından sonra Azərbaycan millisində baş məşqçi postu boşdur.

Shares: