Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin futbolinfo.az saytına müsahibəsi

– Milli komandanın həm Monqolustan (1:0), həm də Bolqarıstanla (1:1) yoldaşlıq matçında iştirak etdiniz. Bu görüşlərdə sərgilədiyiniz oyun və qeydə alınan nəticələr ürəyinizcə oldu?

– Düşünürəm ki, hər iki görüşdə komandaya faydalı ola bildim. Öz çıxışımı normal hesab edirəm. Daha çox rəqib hücumlarının qarşısını almaq vəzifəsini yerinə yetirdim. Komanda şəklində pis təsir bağışlamadıq. Sadəcə, ilk oyunda əlimizə düşən fürsətləri qaçırdıq. Bolqarıstan daha güclü rəqib idi, buna baxmayaraq, biz həmin qarşılaşmada da oyuna diqtə etməyə çalışdıq. Bunun haradasa alındığını düşünürəm.

– Monqolustanla görüşdə azarkeşlər millimizdən böyükhesablı qələbə gözləyirdilər. O qədər qol fürsətini qaçırmağımızın səbəbini nədə görürsünüz?

– Bəli, ilk görüşdə xeyli sayda qol fürsətini qaçırdıq. Səbəb tələskənlik, həmin epizodlarda soyuqqanlı davranmamağımızdır. Bir də rəqibin qapıçısını qeyd edərdim. O, inamlı oyunu ilə əlimizə düşən fürsətləri dəyərləndirməyimizə imkan vermədi.

– Bolqarıstanla görüşdə qələbə qazana bilməməyimizin səbəbkarı kimdir: siz futbolçular, yoxsa səhv qərarları ilə yadda qalan hakimlər briqadası?

– Bolqarıstanla matçda bərabərsəviyyəli oyun getdi. Görüşün sonunda tam üstün idik. Buraxdığımız qol hakim səhvindən sonra vuruldu. Amma nəticə və hakim idarəçiliyinin üzərində çox dayanmaq istəmirəm. Çünki Bolqarıstanla qarşılaşma da yoldaşlıq oyunu idi. Daha da irəli baxmalıyıq.

– Emil Mustafayev, Rza Cəfərov kimi gənc futbolçular milli komandada debüt etmək imkanı qazandılar. Onların çıxışını necə qiymətləndirirsiniz?

– Həm Emil, həm də Rza haqqında yüksək fikirdəyəm. Çox yaxşı oynadılar. Gənc olmalarına baxmayaraq, millinin ab-havasına rahat uyğunlaşdılar.

– Millətlər Liqasında şansımızı necə dəyərləndirirsiniz? İsveç, Slovakiya və Estoniya ilə yer aldığımız qrupda hansı nəticəyə imza ata bilərik?

– Bolqarıstanla oyun göstərdi ki, Millətlər Liqasında uğurlu çıxış etməyə gücümüz çatar. Artıq uğurlu nəticə üçün oynaya biləcək heyətimiz var.

– Heyətdən söz düşmüşkən, yığmada həm bacarıqlı təcrübəli, həm də gənc futbolçular toplaşıb. Bu heyətlə yaxşı nəticələrə imza ata bilməməyimizin səbəbi nədir? Nə çatışmır?

– Komanda oyundan-oyuna artırır. Sadəcə, stabillik çatışmır ki, onu da daha çox oyun keçirməklə sığortalaya bilərik. İnşallah, qarşıdakı matçlarda daha yaxşı milli komanda görəcəksiniz.

FƏRİD

Shares: