Bu gecə MBA-da 12 oyun keçirilib. Diqqətçəkən məqamlardan biri “Hyuston Rokets”in qələbə seriyasının davam etməsidir.

Texas təmsilçisi bu dəfə səfərdə güclü “Oklahoma-Siti Tanders”i məğlubiyyətə uğradıb. Əsas vaxt heç-heçə bitdikdən oyunun taleyinə overtaymda aydınlıq gəlib – 132:126. Qonaq komandanın heyətində Ceylen Qrin 37 xal toplayıb.

Pley-in zonasının son pilləsi uğrunda mübarizədə Hyuston komandasının əsas rəqibi “Qolden Steyt Vorriors” da qalib gəlib. Onlar “Orlando Mecik”i səfərdə məğlub ediblər – 101:93.

Hakimin səhv qərarı Filadelfiyadakı oyunun nəticəsinə təsir edib. Bunun sayəsində “Los-Anceles Klippers” 108:107 hesabı ilə qalib gəlib. Los-Ancelesin digər komandası isə Memfisdə qələbə qazanıb. “Leykers”in heyətində Lebron Ceyms 23 xal, 14 ribaund və 12 asistlə tripl-dabl edib.

Ən maraqlı oyunlardan biri Denverdə baş tutub. Son çempion evdə “Finiks Sans”a məğlub olub – 97:104. Qonaqların heyətində Kevin Dürant 30 xal toplayıb. “Şarlott Hornets”ə məğlub olan “Klivlend Kavalers” konfransda 4-cü yeri də əldən verib. Həmin pilləyə Kanadada qələbə qazanan “Nyu-York Niks” qalxıb.

Shares: