“Zirə” seriyaların yerini dəyişib. Aylarla qələbəyə həsrət qalan “qartallar”, ardıcıl 2 turdur rəqiblərinə şans vermir. Bunun sayəsində komanda yenidən liderlər qrupundadır və avrokubok ümidləri çoxalıb.

Milli komandalara görə yaranan fasilədən öncə “Kəpəz” üzərində qazanılan qələbə ilə stressdən qurtulan qəsəbə təmsilçisi, dünən daha önəmli addım. Misli Premyer Liqasının 28-ci turunda məğlub edilən “Sabah” birbaşa rəqiblərdən sayıldığından, 3 xal ikiqat qiymətli oldu. “Bayquşlar” uğur qazansa idi, “Zirə” xeyli geri qalacaqdı və qarşıdakı 8 turda daha çox döyüşmək lazm gələcəkdi. Amma Rəşad Sadıqovun yetirmələri layiqli oyunla haqqı olanı almağı bacardı.

Bu komandaların car mövsümdəki mübarizəsi oxşar ssenari ilə keçib. Bir-birindən ehtiyat etdiklərindən, daha çox uduzmamağa çalışırlar və qarşılaşmaların taleyini yeganə qol həll edir. Cari mövsümdə “Zirə”  9, “Sabah” 3 xalı məhz 1:0-larla əldə edib. Dünən də yeganə səhv meydan sahiblərinin məğlubiyyəti ilə bitdi.

Ardıcıl 2 uğurlu oyundan sonra Krunoslav Renduliçin ilk məğlubiyyətini alması xorvat çalışdırıcının xilaskar olmadığını göstərdi. Maraqlıdır ki, “Sabah”ın baş məşqçisi hazır komandaya gələrkən daha uğurlu idi, fasilə dönəmində onun rəhbərliyi altında hazırlaşan “bayquşlar” sanki məhz buna görə inamsız görünürdü. Qarşıdakı turlar Renduliçin də işinə qiymət verməyə imkan yaradacaq.

Lakin günü digər matçının nəticəsi “Sabah”ın işinə yaradı. Bayılda xal bölənlər liderlər qrupuna yaxınlaşmaq imkanını əldən verdilər. Düzdür, yenə də çox şey dəyişməyib, lakin “Səbail”lə “Turan Tovuz”dan hansısa qalib gəlsəydi, yuxarı pillələrdə vəziyyət daha gərgin olacaqdı.

Tovuzlular dünən qazandıqları xaldan məmnun qalmalıdır. Düzdür, qələbə komandanı bir pillə önə atacaqdı, amma Ayxan Abbasovun yetirmələrinin hesabda geri düşdüyünü, üstəlik, səfərdə oynadığını nəzərə alsaq, bərabərlik qənaətbəxşdir. “Səbail” isə daha yüksək yerlər uğrunda mübarizədə ciddi zərbə aldı. Zaman bu komandanın böyük hədəflər uğrunda mübarizəyə hazır olmadığını sübut edir.

Qonşuların duelləri ilə əlamətdar olan gün yekunda onların yenə yanaşı dayanmaları ilə yadda qaldı. Fərq “Zirə”nin “Sabah”la yerini dəyişməyi bacarmasında, “Turan Tovuz”un isə fürsətdən yararlanmaması ilə bağlıdır. Bu gün Sumqayıtdakı matçın nəticəsindən asılı olaraq orta pillələrdə mübarizə bir qədər də kəskinləşə bilər.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp