Ey gidi dünya… Vaxt var idi İsgəndər Cavadov çoxsaylı müraciətləri vecə almayıb mətbuatdan qaçar, müsahibə verməmək üçün hər cür bəhanə tapardı. Hər xırda açıqlaması isə AFFA-nı qorumağa, haqlı narazılıq edənləri tənqid etməyə hesablanardı…

…Dünən Cavadov jurnalstləri axtarırdı. Bayılda, “Səbail” – “Turan Tovuz” oyunundan öncə və sonra özü jurnalist arayışına çıxmışdı, bir-bir yaxınlaşıb müsahibə verirdi. Guya ki, futbola canı yanır, o kənarda qaldığı üçün hər şey məhv olacaq.

Bu, isterikadır. İcraiyyə Komitəsinin yeni tərkibində olmayacağı dəqiqləşən İsgəndər bəy arxadan daş atmaqla məşğuldur. “Bəlkə də qaytardılar” niyyəti ilə üzə çıxıb, pay umur, ifşa edir, hədələyir. İllərdir Azərbaycan futbolunun başında dəlləklik edənlərə züy tutan, öz postunu, maaşını, paketini itirməmək üçün hər şey edən bu şəxs müxalifətçiyə çevrilib, Rövnəq Abdullayev, Elxan Məmmədov, Elşad Nəsirov və Rauf Əliyevi tənqid edir.

Əslində, Cavadov haqlıdır, mətbuatın illərdi yazdığını yalnız indi dilinə gətirməyə cəsarət edir. Prezidentliyə namizəd sayılanlarla bazarlığı alınmayandan, özünün o postu tutmaq üçün dəstək almaq istədiyi adamlar üz çevirəndən və nəhayət, yeni rəhbərlik onu ofsayda salandan sonra üzə çıxıb. Amma yalançının evi yananda kimsə inanmır. İsgəndər bəy, sizin bu illərdə nələrə göz yumduğunuz hamıya bəllidir. Dünən Elxana xoş gəlsin deyə istefasına səs verdiyniz Qurban Qurbanovu bu gün milli komandaya layiqli namizəd kimi göstərməyiniz ancaq gülüş doğurur. Qurban bəy o posta layiqdir – amma siz dediyiniz üçün yox. İllərdi susduğunuz, de byazilərə, yurçeviçlərə səs verdiyiniz zaman bunu desəydiz, qəhrəman olardız, amma siz yalnız özü hər şeyi itirdikdən sonra şivən salan lazımsız fiqursuz.

Cavadov böyük futbolçu olub, Azərbaycanda barmaqla göstəriləcək 3 hücumçudan biridir. Lakin idarəçi kimi o, heç vaxt özünü doğrultmayıb, ortada yeyib, qıraqda gəzib, saysız imtiyazlarla dövranını sürüb. Və bu gün bərbad günə qalmasında müstəsna rol oynadığı futbol özü ondan imtina edir.

Cavadov səlahiyyəti olmadığından, futbolun inkişafı üçün heç bir iş görə bilmədiyini deyir. Bəs, niyə susurduz, cənab 11 nömrə? Danışardız, etiraz edərdiz. İstefa verib bu formada narazı olduğunuzu göstərməyə də gücünüz çatmırdı? Yoxsa yalnız özünüz ofsayda düşəndən sonra ayılmısız? Sizin kimilər elə kənarda qalsa, yaxşıdır.

İsgəndər bəy, müsahibələri sıraladıqca özünüzü gözdən salacaqsız. İnanın, bu ölkədə sizə dəstək verəcək bircə jurnalist yoxdur. Çünki 20 ildə yalnız öz mənafeyinizi güdmüsüz və sizi yaxşı tanıyırıq. Ən yüksək postlarda ola-ola bu gün tənqid etdiyiniz Elşad Nəsirova və onun dəstəsinə vəkillik etmisiz, Azərbaycan futbolunun evini yıxanlardan, bunu edənlərə göz yumub çəpik çalanlardan olmusuz. İndi isə gedin, AFFA prezidentliyinə namizədliyinizi geri götürmək üçün ovaxtkı rəqibiniz Ramiz Mirzəyevdən hədiyyə aldığınız mənzildə istirahət edin…

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp