Azər Bağırov sonunadək haqlıdır. Hakimlər 2024-cü il başlayanı “Araz-Naxçıvan”ın azı 6-7 xalını əlindən alıb. Həmin xalları yerinə qoysaq və onları qazanan müvafiq komandaların hesabından silsək, muxtar respublika təmsilçisi indi ilk “dördlük”də olmalı idi. Bu səbəbdən baş məşqçinin dediklərini görməzdən gəlmək olmaz.

Sanki hakimlər özünə söz verib ki, mütləq hansısa komandaya qarşı uzun müddət qərəzli səhvlər edəcəklər. “Sabah”, “Zirə”, “Turan Tovuz” – onlar hamısı silsilə səhvlərdən əzyyət çəkib. İndi isə “Araz-Naxçıvan” eyni münasibəti görür. Amma siyahıda xüsusilə iki komandanın adı yoxdur. Ümid edək ki, AFFA rəhbərliyi nəyə görə hakim səhvlərinin bir qayda olaraq, “Sumqayıt ” və “Səbail”in lehinə edildiyini araşdıracaq. Həm də bunu bir neçə hakimn reallaşdırmasını da…

Kamranbəy Rəhimov cəzadan dönüb yenə cəzalıq səhv etdi. Görünür, 15 oyunluq kənardaqalma ona heç bir fayda verməyib, bacarığı elə bundan ibarətdir. Ya bu hakimin səviyyəsi nəzərə alınaraq aşağı liqalara göndərilməli, ya da VAR-da əyləşən dostları ilə birgə kimə qulluq etdikləri dəqiqləşdirilməlidir.

Misli Premyer Liqasında çempionluğu təmin edən “Qarabağ” və aşkar autsayder “Qəbələ” istisna olmaqla, bütün komandaların səviyyəsi bir-birinə yaxındır. Ona görə də belə matçlarda hakimin kiməsə azacıq simpatiyası yekun nəticədə özünü göstərir. Necə ki, dünən “Sumqayıt” məhz bunun sayəsində vacib 3 xal qazandı.

Matçdakı yeganə qolun vurulduğu penalti epizodunu hətta müzakirə etməyə dəyməz. “Sumqayıt”ın oyunçusu topu qapıdan kənara vurduqdan sonra özünü rəqib qapıçıya çırpdı və bu, cərimə zərbəsi kimi qeydə alındı. Halbuki “Araz-Naxçıvan”ın qolkiperi təmasdan qaçmaq üçün hər şey etdi və yalnız özünü qorudu. VAR-da əyləşən Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilov, oyunun hakim-inspektoru olan komitə sədri Barış Şimşək sanki bilərəkdən bu matça yığışmışdı ki, “Sumqayıt”ın qələbəsini təmin etsinlər və buna nail oldular.

Naxçıvanlıların oyunu xala layiq olmaya bilər, amma bu, qərəzli qərar vermək üçün səbəb deyil. Həmin epizod olmasaydı belə, hakimlər qonaqları uduzdurmaq üçün bir variant tapacaqdı. Necə ki, 52-ci dəqiqədə sumqayıtlıların legioneri Oktavio Mantekaya qırmızı vərəqə göstərilmədi, daha bir epizodda Miço Kuzmanoviçin qana boyanmasına göz yumuldu.

“Hakim də insandı, səhv edə bilər” deyimi qəbuledilməzdir. Müasir texnologyaların tətbiq edildiyi bir zamanda hakimlərin də səhvi düzəldilir. Bir şərtlə ki, niyyət təmiz olsun, qərəz düşünülməsin. Amma göz görə-görə daim eyni komandanın haqqı yeyilirsə və daim hakimlərdən hədiyyə alanlar eyni komandalardısa, düşünməyə ehtiyac yaranır.

“Sumqayıt” şübhəli qərarla gələn qələbə sayəsində yenidən liderlər qrupuna qalxdı. Əvəzində “Araz-Naxçıvan”ın avrokubok ümidləri yavaş-yavaş əriyir. Bu komanda ardıcıl 6 turdur qələbəyə həsrət qalıb, onların azı yarısında hakimlərin rolu olub. Barış Şimşək və yetirmələri sanki bilərəkdən naxçıvanıların əsəbiylə oynayır, kollektivin bütün zəhmətinin üzərindən xətt çəkir. Ola bilsin, bu adamların havadarları üçün “Sumqayıt”ın qulağından tutub yuxarı dartmaq əhəmiyyətli hadisədir, amma axı, haqqı yeyilən də Azərbaycan komandasıdır.

“Qarabağ”ın çempionluğunun təmin olindiğu turda autsayderlərin hamısı xalsız qaldı. “Qəbələ” hər şeydən əlini üzüb, “Kəpəz” də hazırda qarşısına 8-ci pilləyə yüksəlməyi hədəf qoyub. Orta sıralarda isə gərgin mübarizə gedir. Son 8 tur həlledicidir və büdrəyənə aman olmayacaq. Ümid edək ki, yekun nəticəni hakimlərin qərəzli qərarları müəyyən etməyəcək.

FƏRİD

Shares: