Misli Premyer Liqasının XXVIII turu çempionluğun rəsmiləşməsi ilə nəticələndi. Uzun müddətdir böyük fərqlə rəqiblərini qabaqlayan “Qarabağ” mövsümün sonuna 8 tur qalmış birinciliyi təmin etdi. Bu, Ağdam klubunun ardıcıl 3-cü, ümumilikdə isə 11-ci çempionluğu oldu. “Qarabağ”ın görüşü istisna olmaqla, turun digər matçlarında az sayda qol vuruldu.
Üstün oynayan “Qəbələ”, qalib gələn “Neftçi”
Çempionatda qalmaq uğrunda çırpınan “Qəbələ” nə qədər çalışsa da, “qara zolaq”dan çıxa bilmir. Əslində, “Neftçi” ilə ev oyununda üstün tərəf “qırmızı-qaralar” oldular. Di gəl ki, saysız-hesabsız hücumlar, yaradılan qol vəziyyətləri səmərə vermədi. “Neftçi” bu görüşdə qazandığı 3 xala görə ilk növbədə qapıçısı Rza Cəfərova minnətdar olmalıdır. Gənc qolkiper turdan-tura, oyundan-oyuna “artırır” və əsas heyətdəki yerini möhkəmləndirir. 20-ci dəqiqədə Ürfan Abbasovun yaxın məsafədən başla zərbəsinə əla reaksiya verən Cəfərov yaxın gələcəkdə millinin də əsas qapıçı olacağını hiss etdirməkdədir.
“Qəbələ”nin hücumları fayda verməyincə, futbolun yazılmamış qanunu, “vurmayana vurarlar” prinsipi işə düşdü. Qonaqların heyətində ön xətdə ən fəal oyunçu olan Kilan Lebon 42-ci dəqiqədə cərimə meydançasına daxil olaraq uzaq küncü dəqiq nişan aldı və ustalıq səviyyəsinin futbolda böyük rol oynadığını göstərdi.
Bir saatın tamamında “Qəbələ”nin qol istəyinin qarşısını yenə Rza aldı. O, Osama Xalaylanın başla uzaq küncə göndərdiyi topu əla sıçrayışla dəf edərək növbəti dəfə komandasının köməyinə çatdı. Kaxaber Sxadadzenin yetirmələri nə qədər çalışsalar da, istəklərinə çatmadılar. “Neftçi” isə 3 xalı tək qolla qazanmaqla, ikinci yerə ən iddialı komanda olduğunu nümayiş etdirdi.
26 xallıq fərqin gətirdiyi 11-ci çempionluq
“Kəpəz” “Qarabağ”la görüşə istəkli başlayıb 1-2 təhlükəli epizod yaratsa da, çox keçmədi ki, Ağdam klubu üstünlüyü ələ aldı. Oyunda hesabın açılması özünü çox gözlətmədi. 21-ci dəqiqədə Zubirin ötürməsini qəbul edən Romao cərimə meydançası həndəvərindən əla zərbə ilə baxımlı qola imza atdı. Tərəflərin cəhdlərinə baxmayaraq, fasiləyədək hesab dəyişmədi. “Kəpəz”in heyətində Martins Junior xüsusən fəal idi. Ancaq onun zərbələri gah qeyri-dəqiq alınır, gah da Lunyov qola imkan vermirdi.
İkinci yarı bolqollu alındı. 17 dəqiqə ərzində daha 4 qol vuran “Qarabağ”da Juninyo dubl edərək cari mövsümdə qollarının sayını 17-ə çatdırdı, həmçinin Abbas Hüseynov və Elvin Cəfərquliyev fərqləndilər. Son dəqiqələrdə əvvəlcə Redon Cica topu boş qapıya göndərməklə adını tabloya yazdırdı. Matçda son nöqtəni isə 90 dəqiqənin tamamında “Kəpəz”in futbolçusu Latir Fal qoydu. Bu, gəncəlilər üçün təsəllidən başqa bir şey olmadı.
Beləliklə, ən yaxın izləyicisi, əzəli rəqibi “Neftçi”ni 26 xal (!) qabaqlayan “Qarabağ” vaxtından əvvəl çempionluğu təmin etdi. Qurban Qurbanovun komandasının bundan sonrakı hədəfi ölkə kubokunu qazanmaqdır. Yarımfinalda “Neftçi” ilə üz-üzə gələcək ağdamlılar indidən növbəti avrokubok mövsümünün planlarını da cıza bilərlər.
“6 xallıq oyun”dan hərəyə 1 xal
“6 xallıq oyun” hesab edilən “Səbail” – “Turan Tovuz” matçında hər iki tərəf meydana qələbə üçün çıxmışdı. “Səbail” doğma meydan amilindən istifadə etməyə çalışır, öz növbəsində tovuzlular da səfərdə oynamalarına baxmayaraq, ilk dəqiqələrdən hücuma atılırdılar. Belə epizodların birində Xəyal Nəcəfovun uzaq məsafədən zərbəsini “Səbail”in qolkiperi Səlahət Ağayev əla sıçrayışla dəf etdi. “Dənizçilər”in cavab hücumunda isə hesab açıldı. Komandanın liderlərindən olan Pedro Nuno cərimə meydançası daxilində sol ayağı ilə qarşısıalınmaz zərbə endirdi – 1:0.
Bu hesabla barışmayan “Turan Tovuz” tarazlığı bərpa etmək üçün dərhal irəli atıldı. Qonaqların heyətində xüsusən Aleks Souza və Fərid Nəbiyev fəallığı ilə seçilirdi. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə Ayxan Abbasovun komandası istəyinə çatdı. Hakim Səlahət Ağayevin Aleks Souzaya qarşı kobud oynadığını əsas gətirərək, penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Fərid Nəbiyev isə qüvvətli zərbə ilə toru silkələdi – 1:1.
Fasilədən sonra “Turan Tovuz” daha fəal idi. 57-ci dəqiqədə Souza topu yaxşı qəbul edə bilsəydi, yəqin ki, hesab dəyişəcəkdi. Oyunun son dəqiqələrində “Səbail” də kəsərli hücumlar qurmağa başladı. Ancaq gah zərbələrdəki qeyri-dəqiqlik, gah da “Turan Tovuz”un qapıçısı Aydın Bayramov qola mane oldu. Nəticədə tərəflər meydanı “sülhlə” tərk etməli oldular.
Renduliçin ilk məğlubiyyəti
Krunoslav Renduliçin gəlişindən sonra hər iki görüşdə qələbə qazanmış “Sabah” uğurlu seriyanı “Zirə” ilə ev oyununda da davam etdirmək istəyirdi, ancaq buna nail olmadı. Matçın taleyini 1 qol həll etdi. 25-ci dəqiqədə Qismət Alıyevin kornerdən ötürməsini Ruan Renato dəqiq baş zərbəsi ilə meydan sahiblərinin qapısından keçirdi.
“Sabah” sonrakı dəqiqələrdə nə qədər cəhd göstərsə də, hesabı bərabərləşdirə bilmədi. “Zirə”li futbolçular rəqibə onların cərimə meydançasına daxil olmağa çox icazə vermirdilər. Bu səbəbdən “Sabah” daha çox uzaq məsafədən zərbələrə bel bağlayırdı. Ancaq bu yolla da qonaqları məyus etmək mümkün olmadı. Nəticədə hakimin final fiti “Zirə”nin minimalhesablı qələbəsini rəsmiləşdirdi.
Maraqlıdır ki, cari mövsümdə bu komandaların hər 4 oyununda bu hesab qeydə alınıb. Bunlardan 3-də sevinən tərəf Rəşad Sadıqovun yetirmələri olduğu halda, bir görüşdə “Sabah” meydanı 3 xalla tərk edib.
Sumqayıtda “Kamranbəy şousu”
Tura Sumqayıtda yekun vuruldu. “Araz-Naxçıvan”ı qəbul edən “gənclik şəhəri” təmsilçisi qələbə qazanmaq, beləcə ikincilik mübarizəsindən qopmamaq niyyətində idi. Son 5 oyunda qalibiyyət üzünə həsrət qalan Naxçıvan təmsilçisi isə uğursuz gedişata son qoymağı hədəfləmişdi.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun boş tribunaları yenə “göz deşirdi”. Oyunu cəmi 1200 tamaşaçının izləməsi xoş mənzərə deyildi. Qarşılaşma erkən qolla başladı. 5-ci dəqiqədə Rezabala rəqib qapıçı ilə təkbətək çıxsa da, qeyri-dəqiq zərbə ilə fürsəti qaçırdı və zərbəni endirdikdən sonra ayağını yığışdırmağa çalışan rəqib qapıçıya ilişərək yerdə qaldı. Matçın baş hakimi Kamranbəy Rəhimovun bu epizodu penalti kimi qiymətləndirməsi qonaqların texniki zonada əyləşən üzvlərini haqlı olaraq özündən çıxartdı. Epizod VAR-da yoxlanılsa da, qərar dəyişmədi və “Araz-Naxçıvan”ın qapısına müəmmalı 11 metrlik cərimə zərbəsi təyin olundu. Ağ nöqtəyə yaxınlaşan Kasimir Ninqa dəqiq zərbə ilə komandasını hesabda önə çıxartdı. Sonrakı dəqiqələrdə də yanlış qərarları olan Kamranbəy ümumilikdə matçı bərbad idarə etdi.
İlk hissənin sonrakı dəqiqələrində hər iki tərəfin təhlükəli hücumları, uzaq məsafədən zərbələri olsa da, həm “Sumqayıt”ın, həm də qonaqların qapıçısı səhvsiz oynadı. İkinci hissənin gedişində Naxçıvan klubunun çalışdırıcısı Azər Bağırov bir neçə dəyişikliyə əl atsa da, onun cəhdləri hesabın dəyişməsi üçün yetərli olmadı. “Sumqayıt” hesabdakı üstünlüyünü sonadək saxladı və vacib 3 xal əldə edərək, “Zirə”nin ondan uzaqlaşmasına imkan vermədi. “Araz-Naxçıvan”ın isə son turlardakı qələbəsizlik seriyası 6-ya çatdı. Bundan əlavə, Azər Bağırovun yetirmələri cari mövsümdə keçirdikləri 4-cü oyunda da Samir Abasovun komandasına qalib gələ bilmədi.
AĞA