AFFA-nın baş katibi Sərxan Hacıyev hesabat verib.
Futbolinfo.az xəbər verir ki, o, milli assosiasiyanın növbəti Konfransında 2023-cü ildə Azərbaycan futbolunda baş verən hadisələrdən bəhs edib.
Sərxan Hacıyev ən əlamətdar hadisə kimi 30 illik fasilədən sonra işğaldan azad olunan ərazilərdə rəsmi futbol matçının keçirilməsini qeyd edib: “Ötən hesabat ilində Xankəndi şəhərində Azərbaycan Kubokunun oyunu keçirildi. Bu, işğaldan azad olunan torpaqlarda uzun illərdən sonra ilk görüş idi. “Qarabağ”la MOİK arasında oyun Azərbaycan idmanı tarixinə qızıl hərflərlə yazıldı. Həmin günü daha da mötəbər edən məqam Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qarşılaşmanı stadionda canlı izləmələri idi”.
Baş katib “Qarabağ”ın 2023/2024 mövsümündə Avropa Liqasındakı parlaq çıxışına da toxunub: “Azərbaycan futbolu “Qarabağ”ın uğuru ilə yadda qaldı. Bunu Azərbaycan futbolunun uğuru kimi də qələmə vermək olar. “Qarabağ” yeni tarix yazaraq, Avropa Liqasında 1/8 finala qədər irəlilədi. Bu, Azərbaycan futbol tarixində xüsusi iz oldu. Həmçinin qadınlardan ibarət millimiz də yeni tarix yazdı. Komandamız ilk dəfə qrup mərhələsində birinci yeri tutdu, B Liqasına vəsiqə qazandı”.