Rövnəq Abdullayev “öldü”. Özünü kral elan edərək öldü. Və son nəfəsində yeni krala alqış söyləməyi lazım bildi.

“Kral öldü, yaşasın yeni kral. İndi keçək seçkiyə”. AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayev futbol təsərrüfatının rəhbəri kim son çıxışını bu cümlələrlə bitirdi. Dedikləri ironiya idi, yoxsa sadəlövhcəsinə çıxış? – bunu yalnız özü bilir. Amma özü özünü “öldürməyi” lazım bildi. Eyni zamanda futbol təsərrüfatını monopoliya, krallıq kimi idarə etdiyini boynuna aldı.

AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı gözlənilən ssenari ilə keçdi. Köhnələr yola salındı, yenilər təsdiqləndi. 2-3 saatın içində 16 illik era sona yetdi və yeni ümidlər üçün zəmin yarandı.

Əslində, köhnə rəhbərlik hesabat, etdikləri günahların izahatını verməli idi. Amma ssenari elə quruldu ki, sən demə, Abdullayev qəhrəman imiş. FIFA-dan, UEFA-dan təşəkkür mesajları dinləndi, Rövnəq bəyin dövründə infrastrukturun qurulması ilə bağlı hazırlanmış videosüjetlər təqdim olundu. Dövlət vəsaiti hesabına görülən işlər Abdullayevin əməyinin bəhrəsiymiş kimi təqdim edildi.

Görünür, sabiq prezidentin hörmətlə yola salınması məsləhət bilinib. Əks halda, milli komandanın Abdullayevin dövründə yerində saymasının, gənc futbolçu nəslinin yetişdirilməməsinin, bacarıqlı kadrların ofsaydda saxlanılmasının, “Bakı”nın möhtəşəm bazasının məhv edilməsinin də Rövnəq bəyin zamanına təsadüf etdiyi xatırlanardı. Futbolsuz qalan bölgələr, faydasız əcnəbilərə yedirdilən milyonlar – yalançı təşəkkürlərdənsə, bütün bunların hesabatını istəmək lazımdır. AFFA-ya heç bir dəxli olmayan “Qarabağ”ın uğurlarının kölgəsində yatmaq qəhrəmanlıq deyil.

Rövşən Nəcəf prezident kimi ilk mətbuat konfransındaca milli komandanın nəticələrindən, reytinqdəki mövqeyindən narazılığını bildirməklə həm də sələfinin işinə qiymət verdi. Abdullayev bu qədər uğurlu idisə, yeni prezident də tərifə ehtiyac duyar, inkişafa davam edəcəklərni deyərdi. Amma o, problemlərdən, həll yollarından danışdı.

Ümumiyyətlə, Nəcəfin maksimum diplomatik danışığı “Neftçi”də yaxşı dərs aldığını göstərdi. O, ümumi sözlərlə kifayətləndi, addımları komanda halında atacaqlarını bildirdi, İcraiyyə Komitəsini nişan verdi. Lakin müsbət məqam kimi icraçı vitse-prezident postunun Sərxan Hacıyevə tapşırılması oldu. Yeni rəhbərlik keçid dövrünü uğurla idarə etmiş baş katibin necə lazımlı kadr olduğunu anlaya bilib. Hacıyev həm də katibliyə nəzarət edəcək və bu postun əhəmiyyəti azaldılacaq, daha çox vitse-prezidentlər ön plana çıxacaq.

Seçkinin nəticələrini müzakirə etmək üçün tezdir. Yeni rəhbərliyin ilk addımlarını, strategiyanın işartılarını gördükdən sonra daha dəqiq fikir bildrmək olacaq. Hələlik RÖVnəqi RÖVşən, ElXANı SərXAN əvəzləyib. Futbolda isə hərfi yox, daha ciddi dəyişikliklərə ehtiyac var. Nəcəf çıxışında özünü kral hesab etmədiyini, komandası ilə ciddi işlər görməyə çalışacağını dedi. Ona görə də hələ krala “Sabahın xeyr” deməyə tələsməyək.

VÜSAL MAHMUDOV

P.S.: Azərbaycan futbolundan rədd edilən Elxan Məmmədovun çıxışı zamanı bir frazası diqqət çəkdi. O, Abdullayevin qalstukunu nişan verib seçildikləri zaman da onun eyni geyimdən istifadə etdiyini xatırlatdı. Bu, “necə gəlmişdik elə də gedirik” demək idi. Yox, Elxan bəy, siz qamarladığınız milyonlarla gedirsiz, futbolumuz isə yenə səfalət içindədir.

Shares: