Əgər hansısa komanda finişə 8 tur qalmış ən yaxın izləyicisini 26 xal qabaqlayaraq çempionluğu qazanırsa, bu, nəyin göstəricisidir? Çempion aşkar güclüdür, ya rəqibləri çox zəifdir?

Bizim Premyer Liqanın timsalında hər iki ehtimalın mümkünlüyünü vurğulaya bilərik.

Azərbaycan çempionu Avropada futbolçularının ümumi transfer dəyərinə görə özündən 8-9 dəfə bahalı komandaya (“Braqa”) qalib gələ, özündən 40 dəfə bahalı komanda (“Bayer”) ilə də başa-baş mübarizə apara bilir. Ölkə çempionatında isə ən azı 2-3 klubunun dəyəri “Qarabağ”a aşağı-yuxarı yaxın olsa da, çempion bu və digər rəqiblərini dörd-beş, hətta altı top fərqilə rahat məğlub etməyi bacarır.

“Qarabağ”ın nümunəsi onu göstərir ki, qiyməti baha olmayan keyfiyyətli oyunçularla Avropada müəyyən uğurlar əldə etmək, milli çempionatda da “bir ayaqla” titul qazanmaq mümkündür. İndi Azərbaycan təmsilçisi UEFA-nın klub reytinqində “TOP-60”a daxildir və “Qalatasaray”, “Dinamo” (Kiyev), “Monako”, “Valensiya”, “Anderlext” kimi məşhur klublardan daha yüksək mövqedədir.

Məsələn, “Dinamo” (Zaqreb) Xorvatiya, “Ferentsvaroş” da Macarıstan futbolu üçün nədirsə, hazırda “Qarabağ” da Azərbaycan futbolu üçün odur…

Avropanın zəif çempionatlarından biri olan Uelsdə də çempion bəllidir. Orada TNS klubunun ən yaxın izləyicisi ilə aralarındakı xal fərqi artıq 25-ə çatıb. Slovakiyada isə yarışın qalibi hələ rəsmiləşməsə də,  “Slovan” 15 xallıq üstünlüklə digərlərinə “yuxarıdan aşağı baxa” bilir.

Avropanın aparıcı çempionatlarında da aşkar liderlər var. Çempionlar Liqasında 1/8-dən o tərəfə addım ata bilməyən “İnter”in əzəli və barışmaz rəqibi “Milan”dan 14 xal aralanması diqqəti çəkir. “Qarabağ”ın Avropa Liqasında çətin anlar yaşatdığı “Bayer”in axırıncı 7 tur ərəfəsində “Bayern“dən 13 xal irəlidə olması isə hazırkı futbol mövsümünün ən böyük sensasiyalarından biridir – Leverkuzen təmsilçisi artıq aprelin sonuna doğru tarixində ilk çempionluğu rəsmiləşdirə bilər.

Əgər ikinci yerdəkindən 12 xal uzaqlaşan PSJ-nin Fransadakı hegemonluğuna öyrəşmişiksə, İspaniyada “Real”ın “Barselona”nı 8, Niderlandda PSV-nin “Feyenoord”u 7 xal ötməsini də qeyd etməliyik.

…Son 10 ildəki Azərbaycan çempionatlarına nəzər salsaq, “Qarabağ”ın yalnız 2014 və 2015-ci illərdə qazandığı çempionluqlarda “İnter”in onunla “dirəşdiyini” və aralarında cəmi 5 xal fərqinin olduğunu görərik.

Çempion 2015/16 mövsümündə gümüş mükafatçını 22 xal, 2021/22-də isə 19 xal qabaqlayıb, bu dəfə isə üstünlük daha fantastikrəqəmə çata bilər – qalan 8 tur ərzində 26 xallıq fərqin hansı həddə çatacağını özünüz təsəvvür edin.

Qalibin əvvəlcədən bilindiyi çempionata azarkeş marağının böyük olması mümkündürmü?

“Qarabağ”ın vaxtilə Çempionlar Liqasında “Roma” və “Çelsi”, Avropa Liqasında “Arsenal”la qarşılaşmalarını Bakı Olimpiya Stadionunda 60 mindən çox azarkeş izləyib. Həmin arenadan təxminən iki dəfə az tamaşaçı tutumuna malik “Tofiq Bəhramov”da da beynəlxalq oyunlara, əsasən, 30 mindən çox azarkeş gəlir.

Deməli, ölkəmizdə futbola böyük marağın olması şübhəsizdir, sadəcə, futbolsevərlərə təqdim edilən“tamaşalar”da fərq var. “Qarabağ”ın avrokuboklardakı çıxışı zamanı stadionların dolması, milli çempionat oyunlarına isə demək olar ki, min nəfərdən az azarkeşin gəlməsi onu göstərir ki, azarkeşlərə əsl müzabizə və rəqabət, bir sözlə, Avropa səviyyəli futbol maraqlıdır.

RASİM MÖVSÜMZADƏ

Shares: