Miodraq Bojoviç əşyalarını toplaya bilər. O, “Neftçi”nin baş məşqçi postuna təyinat aldığı gün əsas hədəfin ölkə kubokunu qazanmaq olduğunu bildirmişdi. Dünən bunun xəyal olduğu aydınlaşdı. Çünki bakılıların hətta finala vəsiqə qazanması da möcüzə olar.

Ötən həftə növbəti çempionluğunu rəsmiləşdirən “Qarabağ” ikinci cəbhədə də iddialı olduğunu göstərdi. Səfər oyununda qazanılan 4:0 hesablı qələbə cavab matçını formallığa çevirdi. Nəticə bir yana, sərgilənən futbol ağdamlıların rəqibindən nə qədər güclü olduğunu göstərir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun matçdan sonra böyükhesablı qələbə qazanan yetirmələrini tənqid, onları matça qeyri-ciddi yanaşmaqda ittiham etməsi digər maraqlı məqamdır. Və o, haqlı idi, “Qarabağ” ilk yarıdakı oyununu sərgiləsəydi, fərq ikiqat ola bilərdi. Amma fasiləyədək rəqibi 3 dəfə məyus edən qonaqlar hücumda təzyiqi azaltdı, epizodları boşa verdi.

“Qarabağ”ı artıq finalda saya bilərik. Hazırkı “Neftçi” nəinki belə fərqi aradan qaldırmaq, hətta təsəlli qələbəsi qazanmaq gücündə deyil. Ağdamlıların bu qədər güclü görünməsinin səbəbi isə məhz “Neftçi”nin bərbad oyunudur. Klub rəhbərliyinin komandanı formalaşdırmağı tapşırdığı insanlar səhlənkarlıq edib. Transferlərdəki səhv seçimlər üzündən ən çox maaş alan əcnəbilər yararsız olduğundan ehtiyatda oturur. Üstəlik, komanda düzgün komplektləşməyib, həddindən artıq qocadır. Yaşlı futbolçular rəqibin dinamik orta sahə oyunçuları ilə ayaqlaşa bilməyincə belə mənzərə ortaya çıxdı.

Bojoviçin nəyisə dəyişmək imkanı yoxdur. Amma onun gəlişindən sonra transfer edilən futbolçuların da əsas heyətə düşə bilməməsi bütün seçimlərin yanlış olduğunu göstərir. Deməli, “Neftçi”də işlər yolunda getmir. Rövşən Nəcəfin AFFA prezident olması ilə başsız qalan klubun yeni rəhbərliyi yayda işə sıfırdan başlamalıdır. Ola bilsin ki, bu heyət avrokuboka vəsiqə qazana biləcək, lakin orada layiqli oynamaq üçün ümid yoxdur.

“Neftçi”də yayda yenə islahatlar olacaq. Deməli, daha bir avrokubok mövsümü boşa veriləcək. Hər dəfə eyni vədlərlə vaxt öldürən bakılılardan fərqli olaraq, “Qarabağ” inkişaf etməkdə dayanmır. Belə gedişat Qurbanovun yetirmələrinin hələ daha bir neçə il bütün ölkədaxili titulları muzeyinə aparacağı deməkdir.

AĞA

Shares: