“Sabah”ın qapıçısı Nicat Mehbalıyevin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının XXVIII turunda “Zirə” ilə ev oyununda məğubiyyətlə (0:1) üzləşdiniz. Meydanı xalsız tərk etməyinizin səbəbini nədə görürsünüz? Sizcə, hesab oyuna görə oldu?
– “Zirə” ilə matç elə oyun idi ki, ilk qolu vuran komanda qalib gələcəkdi. Elə də oldu. Deməzdim ki, rəqib bizdən üstün oyun sərgilədi. Sadəcə, qol vurduqdan, hesabı açdıqdan sonra yaxşı, kompakt müdafiə olundular və lazım olan 3 xalı qazandılar.
– Buraxdığınız qolda rəqib futbolçunun başla zərbəsini dəf etmək mümkün idi?
– Həmin epizodda qolun qarşısını almaq üçün əlimdən gələni etdim. Əfsuslar olsun ki, alınmadı. Bu da bir təcrübədir. “Zirə” ilə görüşdəki səhvlərimizi analiz edəcəyik. Əlimdən gələni edəcəyəm ki, qarşıdakı matçlarda komandama daha faydalı olum.
– Bu, yeni baş məşqçiniz Krunoslav Renduliçin rəhbərliyi altında ilk məğlubiyyətiniz oldu. Xorvatiyalı çalışdırıcı haqda fikirləriniz necədir? Məşqçi kimi hansı xüsusiyyətini bəyənirsiniz?
– Baş məşqçimiz hələ yenidir. Öz oyun tərzini komandaya tam aşılaması üçün ona vaxt lazımdır. İnanıram ki, vaxt keçdikcə komanda olaraq daha yaxşı oyun sərgiləyəcək və nəticələr qazanacağıq.
– Çempionatda növbəti oyununuzu “Turan Tovuz”a qarşı keçirəcəksiniz. Şansları necə dəyərləndirirsiniz? Səfərdən qələbə ilə qayıtmaq mümkün olacaq?
– “Turan Tovuz”la oyunlar həmişə çətin keçir. Səfər matçları daha da ağır olur. Bunda Tovuz şəhər stadionunda meydanın süni örtüklü olması da rol oynayır. Amma nəzərə almalıyıq ki, şərtlər bütün komandalar üçün eynidir. İndi bizim üçün hər xal qızıla bərabərdir. Bütün gücümüzü meydanda qoyacağıq ki, “Turan Tovuz”la matçdan 3 xalla ayrılaq.
– “Sabah”ın mövsümü ikinci pillədə bitirmək şansı nə qədərdir?
– Qarşıda bizi hələ 8 oyun gözləyir. Komandalar arasında xal fərqi də çox azdır. Fikrimcə, mövsümü ikinci pillədə bitirmək şansımız var. Bundan istifadə etməyə çalışacağıq.
– Cari mövsümdə ikincilik uğrunda gərgin mübarizə getsə də, “Qarabağ” qızıl medalları indidən təmin edib. Ağdam klubunun rahat çempion olmasının qarşısını almaq üçün “Sabah” da daxil olmaqla, digər klublarımızda hansı addımlar atılmalıdır?
– Hazırda “Qarabağ”ı çıxmaq şərtilə çempionatdakı qalan 9 komanda arasında gərgin mübarizə gedir. 8 tur öncədən çempionluğu təmin etməsi “Qarabağ”ın gücündən xəbər verir. Ötən mövsüm biz onlarla son turlara kimi birincilik uğrunda mübarizə aparmışdıq. Təəssüf ki, cari mövsümdə bunu təkrarlamaq alınmadı. Əlbəttə, çempionluq yarışı son turlara kimi davam edəndə Premyer Liqaya olan maraq daha da artır. Ölkəmizdə potensiallı, növbəti mövsümlərdə “Qarabağ”la çempionluq mübarizəsi apara biləcək klubların olduğunu düşünürəm.
FƏRİD