“Sumqayıt”ın gənc futbolçusu Ayxan Süleymanlının futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 4-cü dövrəsinə “Araz-Naxçıvan” üzərində qələbə qazanmaqla (1:0) başladınız. Matçla bağlı fikirləriniz necədir?

– Çempionatın son və ən ağır dönəminə uğurlu başlamaq bizim üçün çox vacib idi. Şükürlər olsun, buna nail olduq. “Araz-Naxçıvan”la matçın çətin keçəcəyini bilirdik. Erkən qol vurduq və 90 dəqiqə ərzində oyunu maksimum nəzarət altında saxlamağa çalışdıq.

– İkinci hissənin əvvəlində oyuna qoşuldunuz. Öz çıxışınızdan razı qaldınız?

– Oyunlara çıxanda ancaq bir fikirdə oluram – Komandamın qələbə qazanması üçün nə lazımdırsa, onu etməliyəm. Həmişə məşqlərdə və oyunlarda daha yaxşısını edə biləcəyimi düşünmüşəm. Buna görə də elə olmayıb ki, hansısa matçdan sonra özümdən tam razı qalım.

– “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında penaltini və digər epizodları misal gətirərək hakimlikdən şikayətləndi. Referinin idarəçiliyi haqda nə deyə bilərsiniz?

– Məncə, bu haqda fikir bildirməyim düz olmaz. Bu suala futbol mütəxəssisləri daha yaxşı cavab verərlər. Mənim işim futbol oynamaqdır.

– “Sumqayıt”ın 28 turdakı çıxışını ümumi olaraq necə qiymətləndirirsiniz?

– Cari mövsümün daha çətin keçəcəyini əvvəldən başa düşürdük. Çətinliyi çempionatından ilk turlarından hiss etdik. İndi oyunlar daha da çətinləşib. Şükürlər olsun ki, son turu qələbə ilə başa çatdırdıq və vacib 3 xal əldə etdik.

– Növbəti turda “Neftçi”nin qonağı olacaqsınız. Qələbə qazanacağınız halda, “ağ-qaralar”ı turnir cədvəlində qabaqlayacaqsınız…

– Fikrimizi tam olaraq “Neftçi” ilə matça yönəltmişik. Onu deyə bilərəm ki, rəqibin kimliyindən asılı olmayaraq, hər bir oyuna qələbə qazanmaq üçün çıxırıq. İnşallah, bu görüşdən də üzüağ çıxarıq. Kimin güclü olduğunu zaman göstərəcək.

– Hazırda ikinci yer uğrunda çempionatda gərgin mübarizə gedir və “Sumqayıt”ın da mövsümün gümüş mükafatçısı olmaq şansı var. İkincilik mübarizəsində əsas rəqibiniz kimdir?

– Bəli, çox ağır mübarizə gedir. Bütün oyunlar gərgin keçir. İstəyirik ki, mövsümü bacardığımız qədər yuxarı pillələrdə bitirək. O mövqelər üçün oynayan komandalar çoxdur. Buna görə də konkret bir komandanı fərqləndirə bilmərəm.

– Yeni stadionunuza köçəndən sonra tribunaların bütün oyunlarda dolacağı ehtimal edilirdi, amma bunun şahidi olmuruq. Sumqayıtlı azarkeşlərin stadiona az gəlməsinin səbəbi nədir?

– Hər oyundan qabaq futbolçular arasında bu haqda söhbət olur. Açığı, tribunaların niyə dolmadığını özümüz də başa düşə bilmirik. Fikrimcə, pis mübarizə aparmırıq. Ötən mövsümlərdə turnir cədvəlindəki mövqeyimiz ürəkaçan olmayanda stadiona gəlməyən azarkeşlər haradasa haqlı idilər. Bizim öz fanat qrupumuz var. Onlar evdə və ya səfərdə oynamağımızdan asılı olmayaraq, “Sumqayıt”ı tək buraxmırlar. Buna görə hər birinə təşəkkür edirəm. Amma istərdik ki, ev oyunlarında tribunalar tam dolsun. Çünki bu, komandaya çox kömək edər. Azarkeşlərin dəstəyi bizim üçün olduqca vacibdir. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

CAVAD

Shares: