“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində doğma meydanda “Qəbələ”yə qarşı keçirdikləri ilk oyundan sonra fkirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyunun şahidi olduq. İkinci hissədə çox sürətli, baxımlı futbol getdi. Hesabda iki top fərqi ilə irəli çıxdıq. Bundan başqa hesabı daha da böyütməyə imkanımız var idi. Fürsətləri qaçırdıq. Sonda rəqib yarım epizod kimi bir vəziyyətdən qol vurdu. Futbolda belə şeylər olur. Son dəqiqələrdə qapı tirindən dönən topumuz var. Qələbə qazanmışıq. Üç həftə sonra bizi çox vacib cavab oyunu gözləyir. Amma hazırda bizi düşündürən “Qəbələ” ilə çempionat matçıdır.
Bu gün iki top fərqi ilə qələbə qazansaydıq da, mənim üçün dəyişən bir şey olmayacaqdı. Hətta bəlkə də cavab görüşü öncəsi daha çox narahatlıq keçirəcəkdim. Hər şey ikinci oyunda həll olunacaq. Futbolçular da başa düşürlər ki, rahatlaşmaq olmaz.
Araz Abdullayev fiziki cəhətdən hazır deyil. Psixoloji cəhətdən isə yaxşıdır, həvəslidir. Uzun müddətdir oynamır. Amma gözlədiyimdən daha yaxşıdır. Bu gün də oyuna yaxşı qoşuldu. Fürsət düşdükcə ondan istifadə etməyə çalışacağıq. Planımızda başqa futbolçu yoxdur”.