Əsl final Qəbələdə olacaq. Dünən Zirədə vurulan 3-cü qol Azərbaycan Kubokuna intriqa gətiri. 90-cı dəqiqəyədək həlledici matçda qarşılaşacaq komandaları təxmin etmək olurdusa, fərqin azalması ilə hər şey dəyişdi.

Bir gün öncə baş tutan ilk yarımfinal matçında “Neftçi”ni darmadağın edən “Qarabağ” məsələni demək olar, həll edib. Ağdamlılar yəqin ki, evdə keçirəcəyi cavab qarşılaşmasında 0:4-ün revanşına imkan verməz. Hətta bəlkə bu mərhələnin iki oyunun nəticəsinə görə ən fərqli məğlubiyyətinə şahid olacağıq. Bir ayağı finalda olan köhnə-təzə çempionun rəqibinin adına Qəbələdəaydınlıq gələcək.

Aşkar utsayder olan “qırmızı-qaralar” bütün ümidini ölkə kubokuna bağlayıb. Titulun son sahibi finala çıxmaq, mümkün olsa, kuboku qazanmaqla Premyer Liqada qalmaq üçün güzəşt əldə etməyə ümidlidir. Lakin bunun üçün öncə “Zirə”ni keçmək lazımdır.

Qolsuz ilk hissənin ardınca 15 dəqiqəyə vurduğu iki baxımlı qolla önəmli üstünlük qazanan “Zirə” cavab matçını formallığa çevirməyə yaxın idi. Lakin əzmkarlıq göstərən qonaqlar son anda fərqi azaltmağa nail oldu. Bu qol gedişatı dəyişdi. İndi cavab matçı hətta finalın özündən daha maraqlı olacaq. Həlledici qarşılaşmada “Qarabağ”ın qarşısına kimin çıxacağı bəlkə də əsas vaxtda məlum olmayacaq.

Kaxaber Sxadadze Qəbələyə köçəndən bəri öz oyun dəst-xəttini tətbiq etməklə məşğuldur. Proses çətin keçir və çempionatda vəziyyət dəyişmək mümkünsüz görünür. Əvəzində gürcü mütəxəssisin kubokda özünü sübut etmək imkanı var. “Zirə” isə avrokuboka vəsiqə yolunda hər iki cəbhədə uğur qazanıb işini ehtiyatlı tutmaq istəyir. Dünən qələbə qazanıldı, lakin fərqin azalması rəqibə ümid verib. Aprelin 24-dəki matç barışmaz mübarizəyə səhnə olacaq.

Ümumilikdə yarımfinalın ilk oyunlarında qapılara 7 qol vuruldu. “Neftçi”dən başqa hamı fərqləndi və hazırda final üçün ən az şansı olan da bakılılardır.

FƏRİD

Shares: