AFFA-da islahat dalğası davam edəcək. Növbəti Hesabat-Seçki Konfransı baş tutduqdan, əsas təyinatlar reallaşdıqdan sonra növbə daxili “təmizləmə”yə çatıb.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, hazırda əvvəlki rəhbərliyin 16 illik fəaliyyətin araşdırması gedir. Problemlər, çatışmazlıqlar dəqiqləşdirilir. Vəziyyət tam aydınlaşandan sonra kadr islahatlarına, ola bilsin hətta struktur dəyişikliyinə start veriləcək.

Daha öncə qeyd etdiyimiz kimi, yeni rəhbərlik futbolun deyil, Elxan Məmmədovun xdmətində olmuş bütün şəxsləri yola salacaq. Müxtəlif federasiyalar, kömitə və departamentlər bacarıqsız kadrlardan təmizlənəcək, yeni təyinatlar olacaq.

İlk növbədə Hakimlər Komitəsinə əl gəzdiriləcək. Sədr Barış Şimşək, departament rəhbəri Cavid Cəlilov mövsüm bitən kimi yola salınacaq. Müxtəlif federasiyaların fəaliyyəti ciddi şəkildə yoxlanacaq.

Vütün bunarla bağlı qərarlar İcraiyyə Komitəsində veriləcək. AFFA prezidenti Rövşən Nəcəfin ilk açıqlamasında qeyd etdiyi kimi, vacib məsələlər kollegial müzakirələrdən sonra həllini tapacaq. Rəhbərlik İK-nın çəkisini artırmaq istəyir, çıxış yolunu assosiasyada bir nəfərin qərarlarının komitədə rəsmiləşməsində görmür. Əvvəllər İK Elxan Məmmədovun şəxsi qərarlarının rəsmi təsdiq üçün fəaliyyət göstərirdisə, indi qurum əsas idarəedici güc olacaq.

Pis olan yenilərin hələ də strategiyanı müəyyənləşdirməməsidir. Bugünədək inkişaf konsepsiyası açıqlanmayıb, işə haradan başlayacaqlarını, diqqətin hansı sahələrə yönəldiləcəyini, kompleks inkişaf üçün nələr edəcəklərini bəyan etməyiblər. Yalnız kadrları dəyişməklə, kosmetik düzəlişlərlə problemləri həll etmək mümkün deyil.

Yeni rəhbərlik də bunun fərqindədir. Aprel ayı boyunca problemərin öyrənilməsi, çıxış yollarının müəyyənləşdirilməsi prosesi davam edəcək. Ən vacib qərarların növbəti ayda verilməsi gözlənilir. Bura çempionatda komanda sayının, maliyyə yardımının həcminin artırılması da daxildir.

FƏRİD

Shares: