AFFA bu gedişlə daha bir dəstəni futboldan ömürlük silməli olacaq. Oyunların nəticələrinin manipulyasiya edilməsi üzündən illərdir müvafiq tədbirlər görülsə də, aşağı liqalarda bazar açanlar dayanmaq bilmir.

I Divizionda şübhəli oyunlar illərdir var və UEFA-dan gələn siqnallar əsasında xeyli cəzalanan olub. Yarış adını dəyişrək I Liqaya çevrilsə də, eyni yolu gedənlər əməllərini davam etdirir. Ötən mövsüm yarışda gözlənilməzliklər nisbətən azalsa da, bu il söz-söhbət də, siqnallar da yenidən çoxalıb.

I Liqada demək olar, bütün komandalarda şübhəli işlərlə məşğul olanlar var. Eyni zamanda bu baxımdan ad çıxarmış komandalar haqqında da danışılır. Məsələn, son turun “İrəvan” – “Araz Saatlı” matçının nəticəsinə diqqət etməyə dəyər. Premyer Liqaya iddialı olduğu deylən “İrəvan”ın digər şübhəli nəticələri öz yerində, aşkar autsayderə evdə 1:4 hesabı ilə yenilməsi araşdırılmalıdır. 19 turda cəmi 7 xal toplayan Saatlı təmsilçisinin birdən-birə böyük hesabla qalib gəlməsi təsadüf ola bilməz.

Yəqin ki, AFFA-da, hüquq-mühafizə orqanlarında bu matçın videoyazısına baxıb araşdırma aparacaqlar. “İrəvan”ın bəzi futbolçularının daha öncəki matçlara görə araşdırmaya cəlb edilməsi, diskvalifikasiya olunması, klubun rəhbər şəxslərdən birinin hazırda çək-çevir edilməsi şübhələrin əsaslılığını göstərir. Görünür, bu klub ümumiyyətlə, ləğv edilənə kimi problemlər bitməyəcək.

“Araz Saatlı”nın bir tur öncə daha bir böyükhesablı qeydə alınıb. Mövsüm boyu son pillələrdə sürünən bir kollektivin ardıcıl 2 oyunda 4 qol vurması nağıllarda olur. 17-ci turun MOİK – “Araz Saatlı” qarşılaşması (6:4) da şou idi.

Təəssüf ki, bu çirkabın artıq Premyer Liqaya sıçraması barədə də informasiyalar var. Komandalardan birinin legionerlərinin məşqi ilə birlikdə (!) nəticələri istədiyi kimi “nizamlaması” haqda xəbərlər gəlir. Bolqollu oyunlar, gözlənilməz məğlubiyyətlər, hissənin qalib matçın məğlub kimi bitirilməsi kombinasiyaları yalnız qara əməllərə xidmət edir.

AFFA müvafiq orqanlarla əlbir olub bu kimi məsələləri çözməlidir. Əks halda,ölkə futbolu tamamilə çirkaba bulaşacaq və qarşısını almaq mümkün olmayacaq.

FƏRİD

Shares: