Krunoslav Renduliç Murad Musayevdən daha yaxşı deyil. Hər iki məşqçinin nəticələri oxşardır, komandalarının oynadığı futbolda da fərq yoxdur. “Sabah” qeyri-sabit çıxışa davam edirsə, deməli, komandanın kimyası pozulub, format olunmasına ehtiyac var.

Klub rəhbərliyinin düşüncələri bəllidir, yaxşı komanda qurmaq üçün illərdi əziyyət çəkirlər.Və ötən mövsüm bunun bəhrəsini gördülər, “Sabah” gümüş medal qazanıb avrokuboklara yollandı, mərhələ adladı, üstəlik, ikinci raundda “Partizan”ı da Bakıda məğlub etdilər. Bunun davamı gəlməli, nəticə ən azı pisləşməməli idi. Amma olmadı, “bayquşlar” indi qısamüddətli layihə-klub kimi görünür.

Aleksey Kaşuku saxlamaq mümkün olmadı, Coy-Lens Mikels pul dalınca yollandı, beləcə “Qarabağ”a əlcək atacaqmış kimi görünən bir komanda dağıldı. Onların əvəzinə transfer edilənlərin içində daha adlı-sanlılar, keyfiyyətl olanlar var. Amma komanda özü yoxdur. Rəhbərlik Aleksey İsayevi satmağı lazım biləndə isə işlək mexanizmin ən vacib detalını itirdi. İndi bahalı, keyfiyyətli oyunçular bir “səbət”ə yığılıb, amma onları “vitrin”ə səliqəli şəkildə düzən yoxdur.

“Turan Tovuz”la dünənki matçda bir neçə aparıcı oyunçu heyətdə yox idi. Lakin rəqiblə müqayisədə komandanın heyəti yenə daha əzəmətli görünürdü. Gəl ki, Renduliç iki ardıcıl qələbədən sonra özünü büruzə verdi. Milli komandalara görə yaranan fasilədə onun gördüyü iş komandanın əleyhinə işləyib. Sıralanan məğlubiyyətlər təsadüf deyil, şəxsən dünənki oyunu məhz məşqçi uduzdu. Ayxan Abbasovun yetirmələri məşqçi tapşırığını düzgün icra edib rəqibə oynamağa imkan vermədi, daha keyfiyyətli oyunçulara malik Renduliç isə heç nəyi dəyişməyi bacarmadı.

“Sabah” hətta toparlanıb avrokuboka vəsiqə qazansa da, ondan böyük işlər görəcəyini gözləmək olmaz. Komanda Krunoslav kimi sıradan birinə yox, dəqiq inkişaf planına malik məşqçiyə tapşırılmalıdı. Elə dünən qələbəni qoparmağı bacaran Abbasov əlcək kimi dəyişilən əcnəbilərdən daha faydalı olar. Legioner məşqçilərə hər cür şərait yaratmaq əvəzinə, bacarıqlı yerli kadrlara güvənmək lazımdır. Necə ki, tovuzlular bunu edib və bəhrəsini görür. Qərblilər daha yaxşı imkanlara malik komandalarla mübarizəyə girişib və üst pillələrə doğru can atır. Legioner futbolçuların seçimi də əladır, hamı komandaya xidmət edir. Bəlkə də hamısının maaşı “Sabah”ın iki oyunçusunuun qazancı qədərdir, lakin ümumi ansamblda hər kəsin dəqiq rolu var. İshak Belfodilin aylıq maaşını bir ilə qazananlar ondan qat-qat keyfiyyətli görünür.

Bu mövsüm evdə daha yaxşı oynayan “Turan Tovuz” mövqeyi ilə barışmır, yəqin ki, yüksək yerlər üçün sonadək döyüşəcək. Hər halda, artıq “Səbail” də arxada qoyuldu, avrokubok zonası ilə isə 3 xallıq məsafə var. Komanda sabit oynamağa davam etsə, boyundan hündürə tullanacaq. 2024-cü ildə keçirdiyi 11 oyunda cəmi 2 məğlubiyyət alan tovuzluların elə həmin “Sabah”ı ötməsi üçün əla imkanı var.

Hakim köməyi olmadan qələbə qazandığı günü unudan “Səbail”ə gəlincə, dünən “Qarabağ”a vurulan iki qol kimsəni aldatmamalıdır. Maaş davası etməyə başlayandan oyunun itirən Andrey Lunyovun səhvləri olmasaydı, ağdamlılar rəqibini rahatlıqla darmadağın edəcəkdi. Rekorda gedən Qurban Qurbanovun yetirmələri ilə matç ölçü deyil, rəqib çox güclüdür, amma “dənizçilər” silkələnməlidir, qarşıdakı turlarda növbəti xal itkiləri ilk “dördlük”dən kənar qalmaqla nəticələnəcək.

Bugünkü oyunlar vəziəyyətə bir qədər də aydınlıq gətrəcək. “Neftçi” qələbə qazansa, qitə yarışlarına vəsiqəni təmin etmək yolunda böyük addım atacaq. Amma “Sumqayıt” da çox geri qalmamaq üçün dişini göstərməlidir. Fürsətdən istifadə etmək üçün ən yaxşı imkan “Zirə”dədir. Rəşad Sadıqovun yetirmələri autsayderi yenməklə rahat nəfəs ala bilər.

FƏRİD

Shares: