Formula 1 üzrə dünya çempionatının 4-cü mərhələsi geridə qalıb. Bu dəfə pilotlar Yaponiyada mübarizə aparıblar.

Təsnifat mərhələsində ilk iki sıradan start almaq hüququnu əldə edən “Red Bull” pilotları yarışda da öz güclərini artıqlaması ilə sübuta yetiriblər.

İlk dövrədə dərhal qəza baş verib. Daniel Rikkardonun manevri həm onun, həm də Aleksandr Albonun yarışı başa vurması ilə nəticələnib. Hər iki sürücü qoruyucu baryerlərə çırpılaraq yarışın dayanmasına səbəb olub.

30 dəqiqəlık fasilədən sonra yarış yenidən bərpa edilib. İlk startda olduğu kimi, bu dəfə də ön cərgələrdə dəyişiklik baş verməyib. Niderlandlı pilot Maks Ferstappen elə də ciddi əziyyət çəkmədən mövsümdə 3-cü qələbəsini qazanıb.

Yarışa rəng qatan ötmələrdən bir neçəsini Karlos Sayns gerçəkləşdirib. İspaniyalı pilot sonda Lando Norris və komanda yoldaşı Şarl Lekleri keçərək podiuma yüksəlib.

4-cü yer “Ferrari”nin digər pilotuna qismət olub. Lando Norris 5-ci pilləni tutub. “Aston Martin”dən Fernando Alonso 6-cı pillədə qərarlaşıb. Xal zonasındakı digər yerlərdə Corc Rassel, Oskar Piastri, Lyuis Həmilton və yerli sürücü Yuki Tsunoda var.

Shares: