Avropanın milli çempionatlarında əvəzetmələri ən çox qol vuran klubların adları müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasında çempionluğu təmin edən “Qarabağ” siyahıda ilk “beşliy”ə düşüb.

Ağdam təmsilçisi cari mövsüm çempionatda keçirdiyi 29 görüşdə 81 qol vurub ki, bunun 17-nə sonradan meydana daxil olan futbolçular imza atıblar. Bu baxımdan Qurban Qurbanovun kollektivi Sloveniya təmsilçisi “Olimpiya” ilə birlikdə 4-5-ci yeri bölüşdürür.

Siyahıya “Seltik” başçılıq edir. Şotlandiya klubunun 31 matçında əvəzetmələr ümumilikdə 19 dəfə fərqləniblər. Niderland PSV-si və Kipr “Aris”i 18 belə qolla 2-3-cü yerlərdə qərarlaşırlar. PSV bunu 29, “Aris” isə 32 qarşılaşmada həyata keçirib.

“Qarabağ”ın heyətində sonradan meydana daxil olaraq ən çox fərqlənən futbolçular Hamidu Keyta, Olavio Juninyo və Yassin Benziadır. Hər üç oyunçu əvəzetmədən mübarizəyə qoşulduqdan sonra 3 qol vurub. Abdullah Zubirlə Redon Cica hərəyə 2 dəfə bunu bacarıb. Leandro Andrade, Nəriman Axundzadə, Marko Yankoviç və Elvin Cəfərquliyev isə 1 dəfə görüşün gedişində meydana çıxaraq rəqibi məyus ediblər.

Shares: