“Fənərbağça”nın mətbuat xidməti Türkiyə Superkubokunun “Qalatasaray”la matçının yarımçıq qalmasından sonra açıqlama yayıb. Bu barədə klubun rəsmi saytında yer alan məlumatda deyilir.

“Bu gün meydançaya qalib gəlmək üçün deyil, həqiqəti müdafiə etmək üçün çıxdığımız zaman bunları vurğulamaq istəyirik: 117 illik tariximiz boyunca təkcə futbolda deyil, bütün idman növlərində türk idmanına xidmət etmişik: Muzeyimizdə tər və zəhmətlə qazanılmış minlərlə kubok var.

30 milyon azarkeşimizlə birlikdə ölkəmizin milli dəyərlərini paylaşırıq. Dünyanın ən böyük idman klubu olaraq, dünən olduğu kimi, bu gün də, sabah da mövqeyimizdə dayanmağa davam edəcəyik”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, aprelin 7-də “Fənərbağça” və “Qalatasaray” komandalarının qarşılaşdığı Türkiyə Superkuboku matçı keçirilib. Artıq ilk dəqiqədə Mauro İkardi “Qalatasaray”ı hesabda irəli çıxarıb. Bu qoldan sonra “Fənərbağça”lılar oyunu boykot edərək meydanı tərk ediblər. Beləliklə, “Fənərbağça”ya texniki məğlubiyyət verilib. “Qalatasaray” Türkiyə Superkubokunun qalibi olub.

Bir müddət əvvəl Türkiyənin “Fənərbağça” klubunun daxili çempionatın 30-cu turunun matçında “Trabzonspor” azarkeşlərinin komandanın futbolçularına hücumu səbəbindən çempionatı dəyişə biləcəyi barədə məlumat yayılmışdı.

İstanbul klubunun Superkubok matçına 17 yaşlılardan ibarət komandasını buraxması, daha sonra futbolçuları meydandan yarımçıq çıxarması Türkiyə Futbol Federasiyasına (TFF) etiraz jestidir. “Fənərbağça” bu həftə avrokubok matçında “Olimpiakos”la vacib səfər matçına çıxacağından, Superkubok oyununundaha sonraya təyin edilməsini istəyirdi. TFF isə isə israrla matçın oynanılmasını istədi. Bundan başqa, Trabzondakı olaylara görə rəqib komandaya ağır cəzalar verilməməsi də İstanbul klubunu narazı salıb.

Shares: