AFFA-nın yeni rəhbərliyi hələ ki, real addımlar atmır. Əksəriyyət futbolda ciddi islahatlar gözlədiyi vaxtda Rövşən Nəcəf və komandası kabinetlərdə nəticəsiz müzakirələrlə məşğuldur.
Bu gedişlə yeni kreslo sahibləri onlardan gözlənilənləri doğrultmayacaq. Çünki zaman gedir, lakin yeni strategiya ilə təsəvvür belə yoxdur. Prezident seçkisi öncəsi platformasını açıqlaya bilməyən Nəcəf deyəsən, hələ indi konsepsiya yazmaqla məşğuldur.
Əldə etdiyimiz bilgiyə görə, hazırda bəzi islahatlarla bağlı fikirlər var, lakin çiy ideyaların təqdimatı üçün risk etmirlər. Çünki addımların əsaslandırılması lazımdır, AFFA-da isə bunu bacarmırlar.
Məsələn, məlum klublar illərdir legioner limitinin dəyişdirilməsi, ümumiyyətlə, əcnəbilərlə bağlı say məhdudyyətnin aradan qaldırılmasını istəyir. AFFA rəhbərliyinə bu ideya diqtə edilir, qəbul edilməsi üçün təzyiq olunur. Qurban Qurbanov və daha iki İcraiyyə Komitəsi (İK) təklifə etiraz etdiyi üçün məsələ dondurulub. Əks halda, İK indiyədək iclas keçirib yeni mövsümdən bu qaydanın qüvvəyə minməsi təklifini rəsmiləşdrəcəkdi.
Daha bir təklif Premyer Liqada komanda sayının 12-yə çatdırılması ilə bağlıdır. İş görüntüsü yaratmaq üçün AFFA bunu reallaşdırmaq istəyir. Gəl ki, reqlamentin necə olacağı, hansı komandalara icazə verilməsi, idman prinsiplərinin necə qorunması ilə bağlı aydın təsəvvür yoxdur. Ona görə də hamı gözləmə mövqeyindədir. Bütün bu məsələlər kabinetlərdə müzakirə olunduqdan, təsir gücü daha çox olan qüvvələr istəyinə çatdıqdan sonra məsələlər İcraiyyə Komitəsinə çıxarılacaq.
Təəssüf ki, yeni AFFA rəhbərliyi bu kimi böyük anlamda heç nəyi dəyişməyəcək kosmetik dəyişikliklərə hazırlaşır. Futbolun inkişaf strategiyası ilə bağlı heç bir planı olmayan rəsmilər mayın sonunadək susqun qalmaq niyyətindədir.