Tale Heydərov yenidən futbol təsərrüfatında əməli fəaliyyətə başlayıb. “Qəbələ”nin sabiq prezidenti AFFA-nın əvvəlki rəhbərliynin yola salınmasından həmən sonra üzə çıxıb.
2019-cu ildə postunu tərk edərək klubun fəxri prezidenti olan Heydərov “Qəbələ”yə dəstək olmaqda davam edirdi. Prezident Fariz Nəcəfov olsa da, klubun sahibinin Heydərovlar olduğu aydındır. Klub dövlət yardımından əlavə məhz Tale bəyin ayırdığı vəsait hesabına ayaqdadır. Əks halda, “Qəbələ” akademiyasının varlığına çoxdan son qoyulardı.
Səriştəsiz insanların yarıtmaz fəaliyyəti üzündən “Qəbələ” Premyer Liqanı tərk etmək üzrədir. Heydərovun ayırdığı maliyyə klubu ən aşağı büdcəli klub adından qurtarsa da, bu, yetərli olmadı. Amma fəxri prezident geri çəkilmək istəmir. O, komanda I Liqaya düşəcəyi halda da maliyyə yardımını dayandırmayacaq, həm akademiyanın fəaliyyət göstərməsinə, həm də “Qəbələ”nin yenidən elitaya qayıtmasına çalışacaq.
Heydərovun futboldan kənarda qalmayacağını ötən həftə reallaşan əməkdaşlıq müqaviləsi də göstərir. Belə ki, “Qəbələ” “Kaspian Sport və Landscape” şirkəti ilə əməkdaşlığa başlayıb. Stadionların ot örtüyünə nəzarət üzrə ixtisaslaşan şirkətlə tərəfdaşlıq müqaviləsi imzalanıb.
İllərdir Azərbaycanda əksər stadionlara “AgroSport” qulluq edirdi. AFFA-nın sabiq rəhbərlərindən Elxan Məmmədova bağlı olan bu şirkət rəqibsiz qalmışdı. Keyfiyyətsiz işə rəğmən bahalı qiymətlər klubları çətin vəziyyətə salmışdı. AFFA-nın balansında olan stadionların saxlanılmasına xərclənən milyonlar birbaşa bu şirkətə yönəldilirdi. Bəzi meydanların tez-tez təmirə bağlanması həm qulluğun düzgün aparılmamasına, həm də əlavə vəsaitin silinməsinə hesablanırdı.
“Qəbələ” bu illər ərzində Məmmədovun monopoliyasına düşmədən çoxsaylı meydanlarını ən yüksək səviyyədə saxlaya bildi. Klubun bazasındakı qazonlar hər zaman ən yaxşı vəziyyətdə olar, digərlərinə nümunə göstərilərdi. Qəbələdə “AgroSport”un 1 meydançanın saxlanmasına görə aldığı vəsaitin yarısı xərclənməklə 5-6 meydan daha ideal vəziyyətdə qorunurdu.
Bütün bunlar klubun vaxtında düzgün addımlar atmasının nəticəsi idi. İngiltərəli mütəxəssis Filip Şarples illərdir Qəbələdə bu işlərə nəzarət edir, həm də yerli kadrların yetişdirilməsi ilə məşğuldur. Təsadüfi deyil, “Qarabağ” da tez-tez Şarplesə müraciət edib onun xidmətindən faydalanırdı.
Elxan Məmmədovun dəstəsinin futboldan qovulmasından sonra digər stadionlarda da fəaliyyət göstərməyin mümkünlüyünü anlayan Heydərov, yüksək səviyyəli işin əhatə dairəsini böyütmək, eyni zamanda faydalı fəaliyyəti biznesə çevirmək qərarına gəlib. Bu səbəbdən o, “Kaspian Sport və Landscape” şirkətini yaradıb, ilk müqaviləni də öz klubu ilə bağlayıb. Əməkdaşlığın rəsmən açıqlanmasının səbəbi isə reklam xarakterlidir, digər müştərilərdə maraq oyatmaq niyyəti var.
Təsadüfi deyil, “Kaspian Sport və Landscape” şirkətin baş aqronomu Filip Şarples Azərbaycana qayıtmaqdan məmnun olduğunu bildirib: “Yenidən Azərbaycanda olmağıma şadam. Burada olan dostlarımın dəvəti ilə Bakıya gəldim. Azərbaycanda belə bir şirkətin yaradılması ilə bağlı təklifi gerçəkləşdirdik. Sevindiricidir ki, şirkətimizin əməkdaşlıq edəcəyi ilk klub vaxtilə çalışdığım “Qəbələ” oldu. Bu klubda işləmişəm, ot örtüyü üzrə bir çox mütəxəssis yetişdirmişik. Onlar hazırda Gürcüstan və Türkiyədə fəaliyyət göstərirlər. Daha çox yerli mütəxəssis yetişdirmək və Azərbaycanda ekspert komandası qurmaq imkanını səbirsizliklə gözləyirəm. Ən yaxşı səviyyədə çalışacağıq ki, Azərbaycandakı meydançaların ot örtüyü yüksək tələblərə, beynəlxalq standartlara uyğun olsun və bu stadionlarının durumu televiziyada gözəl nümayiş edilsin”.
Beləliklə, Heydərov futboldan həm də qazanmaq niyyətinə düşüb. Məmmədovun ancaq cibini doldurmağı düşünüb inhisarçılıq etdiyi sektorda niyə də keyfiyyətli iş görənlər olmasın?
AĞA