“Araz-Naxçıvan” tezliklə yeni baş məşqçisinin adını açıqlayacaq. Azər Bağırovu istefaya göndərən muxtar respublika təmsilçisi gün ərzində Elmar Baxşıyevin təyinatını rəsmiləşdirəcək.

Futbolinfo.az xəbər verir ki, “Qəbələ”dən ötən ay istefaya göndərilən təcrübəli mütəxəssis iki köməkçisini də özü ilə gətirir. Rasim Ramaldanov və Xaqani Məmmədov “Araz-Naxçıvan”da da ona yardım edəcək. Bağırovun köməkçilərinin taleyinə isə mövsüm bitdikdən sonra aydınlıq gələcək. Onların müqaviləsi davam etdiyindən çempionatın bitiminə kimi iş başında olmaları lazım bilinib.

Baxşıyevlə müqavilənin müddəti mövsümün sonunadəkdir. Lakin “+1 il” şərti var ki, bu da onun növbəti mövsüm naxçıvanlılara rəhbərlik edəcəyi deməkdir.

Xatırladaq ki, Bağırov uğursuz nəticələrə görə istefaya göndərilib. “Araz-Naxçıvan” hazırda 8-ci pilləyə enib. Baxşıyev isə sonuncu pillədən qurtara bilmədiyi “Qəbələ”dən eyni səbəblə yola salınmışdı.

Shares: