İtaliyalı sabiq hücumçu Antonio Kassano Rafael Leaonu tənqid edib. O, canlı yayımda (RAI) portuqaliyalı futbolçunun özünü bacarığından daha yüksək göstərməyə çalışdığını bildirib.

Futbolinfo.az xəbər verir ki, daim qalmaqallı çıxışları ilə seçilən Kassano “Milan”ın vingeri haqda deyib: “Leao fenomen olduğunu düşünür və hətta bəziləri də buna inanır. Onun yaxşı oyunçu olduğunu danmıram və fikrimi dəyişməmişəm. Amma Rafael hələ ən yüksək səvyyəli biri deyil”.

Antonio çempionatı da tənqid edib: “A Seriyası kimi bərbad vəziyyətdə olan bir yarışda 5,5 ay qol vura bilmədi və bu haqda ciddi nəsə deyilmədi. Onun mövqeyində çıxış edən Markus Reşford, Xviça Kvaratsxeliya və Fil Foden daha yaxşıdır. Leao onlarla hətta müqayisə edlə bilməz. Rafael mənim zamanımda 6-7-ci yerlər uğrunda oynayan komandalarda hətta heyətə düşə bilməzdi”.

Kassano Lautaro Martinesi daha çox bəyənir: “Argentinalı dünya standartlarında bir futbolçudur. “İnter”in uğuru üçün hər şey edir, top üçün mübarizə aparır, qol vurur, məhsuldar ötürmə verir, meydanın hər qarşı uğrunda döyüşür. O, hər baxımdan bir liderdir”.

Shares: