Stolüstü tennis üzrə Azərbaycan çempionları müəyyənləşib.
Futbolinfo.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən birinciliyin son günündə 3 növdə qalib və mükafatçılar müəyyənləşib.
Qadınların şəxsi yarışında Mərziyyə Nurmətova çempion olub. O, finalda Aylin Əsgərovaya qalib gəlib. Ləman Abdulhəmidova ilə Yağmur Məmmədli 3-cü yeri tutublar.
Kişilərin final görüşündə Nihad Məmmədovu məğlub edən Hilal Həsənov çempion olub. Xəyal Həşimli ilə Vəzir Allahverdiyev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qadınların qoşa yarışında Ləman Abdulhəmidova ilə Zemfira Mikayılova qələbə qazanıb. Onlar finalda Mərziyyə Nurmətova – Arzu Aslanova tandemini üstələyiblər. Məryəm İmanova – Xədicə Əbilzadə və Yağmur Məmmədli – Xədicə Eylazova cütü üçüncü pillədə qərarlaşıb.
Kişilərin qoşa mübarizəsi Hilal Həsənovla Rüstəm Hacılının qələbəsi ilə nəticələnib. Nihad Məmmədovla Vəzir Allahverdiyev gümüş, Əliverdi Şahgəldiyevlə Adil Əhmədzadə, Tunar Bağırovla isə Şakir Qədirov bürünc medala layiq görülüblər.
Qarışıq qoşa yarışlardan Nihad Məmmədov – Ləman Abdulhəmidova tandemi qalib ayrılıb. Əliverdi Şahgəldiyevlə Mərziyyə Nurmətova ikinci, Rüstəm Hacılı ilə Aylin Əsgərova və Adil Əhmədzadə ilə Məryəm İmanova üçüncü yeri tutublar.
Xatırladaq ki, çempionatın ilk günündə komanda yarışlarının qalib və mükafatçıları müəyyənləşib. Kişilərin mübarizəsi “Bakı-1” kollektivinin qələbəsi ilə yekunlaşıb. “Bakı-3” ikinci, “Bakı-2” və “Şabran” komandaları üçüncü olublar. Qadınların yarışında “Sumqayıt-1” qələbə qazanıb. “Bakı-1” ikinci, “Bakı-2” ilə “Sumqayıt-2” üçüncü pillədə qərarlaşıb.
Ölkə çempionatında fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin medal və diplomları, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.
Həmçinin mart ayında Türkiyədə keçirilən “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanan komandamızın üzvləri də federasiya tərəfindən mükafatlandırılıb.