“Qarabağ” Avropanın milli çempionatlarında 2023-24 mövsümündə ən çox qol vuran 4-cü komandadır. Ağdam təmsilçisi Premyer Liqanın geridə qalan 29 turunda vurduğu 81 qolla buna nail olub.

Avropada cəmi 3 komanda çempionatdakı qol sayına görə Qurban Qurbanovun yetirmələrini üstələyir. Qitənin ən məhsuldar komandası TNS-dir. Uels klubu 29 görüşdə 106 dəfə rəqib qapılarına yol tapıb. Niderland PSV-si eyni sayda matçda 89 dəfə fərqlənib. “Qarabağ”ı qabaqlayan digər komanda isə “Fənərbağça”dır. Türkiyə nəhəngi 31 matçda 83 dəfə fərqlənib.

Orta məhsuldarlığa görə isə “Qarabağ” qitənin 6-cı komandasıdır. Ağdamlılar orta hesabla hər görüşdə 2,79 qol vurublar. Azərbaycan çempionu bu baxımdan TNS (Uels – orta məhsuldarlıq 3,66 qol), PSV (Niderland – 3,07), “Linkoln” (Cəbəllütariq – 3,00), “Sportinq” (Portuqaliya – 2,93) və “Bayern”dən (Almaniya – 2,86) geri qalır.

Shares: