Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda bu gün “Dalğa Arena”da İsveçrə yığması ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az onun 0:4 hesablı məğlubiyyətdən sonra səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

“Oyunun çətin olacağını gözləyirdik. Rəqibi təhlil etmişdik və İsveçrənin oyun keyfiyyətlərini bilirdik. Görünən odur ki, keyfiyyət öz sözünü deyir. Buna baxmayaraq, komandam vuruşdu. Düzdür, bəzi komponentlərdə geri qalırıq. Bizə hələ ki vaxt lazımdır.
İstəyirdik ki, doğma meydanda şansımızdan istifadə edək, amma olmadı. Bizi ən çox məyus edən hesabın belə olmasıdır. Hesabın belə olacağını gözləmirdik. Rəqib bizi səhvlərə məcbur etdi. İsveçrə millisi oyunun tempini çox qaldırmışdı. Macarıstanla oyunda da temp yüksək idi. Orada da futbolçular var güclərini sərf etmişdilər. Həm də komanda uzaq yol qət etmişdi. Yorğunluq hiss olunurdu. Bundan sonra səhvlərin üzərində işləmək və önümüzə baxmaq lazımdır”.

Shares: