“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının (ÇL) tarixinə düşüb. İtaliyalı baş məşqçi kimi turnirdə 200 oyun keçirən ilk mütəxəssis olub.
Yubiley qarşılaşması 1/4 final mərhələsində İngiltərə təmsilçisi “Mançester Siti” ilə ev oyununa (3:3) təsadüf edib. Bu göstərici üzrə ikinci yeri 190 matçla “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Ferqyuson tutur. İngiltərənin digər komandası “Arsenal”ın əfsanəvi baş məşqçisi Arsen Vengerin isə hesabında 178 matç var.
Ançelotti iki dəfə İtaliya “Milan”ı ilə, iki dəfə isə “Real”la Çempionlar Liqasının qalibi olub.
Bu arada Karlo dünənki matçla bağlı fikirlərini bildirib: “Bu, yaxşı balanslaşdırılmış oyun idi. Hər iki komanda həqiqətən də son ana qədər mübarizə apardı. Yekun nəticə çətin heç-heçə oldu. Onlara təzyiq etdiyimiz zaman yaxşı idik. Sürətli hücum futbolu oynamaq bacarığımızdan istifadə etmək üçün çox çalışdıq. Rəqib erkən qol vurdu. Düzünü desəm, heç kim onlardan qol gözləmirdi. Amma biz çox yaxşı cavab verdik və 60 dəqiqə mükəmməl oynadıq”.
Mütəxəssis komandasının oyunundan razı qaldığını vurulayıb: “Cavab oyununda heç olmasa, kiçik üstünlük əldə etmək istəyirdik. Amma düşünürəm ki, bu oyundan razı qalmalıyıq. Biz çox yaxşı çıxış etdik. Bunu gələn həftə təkrar etsək, o zaman yarımfinala vəsiqə qazana bilərik”.