Azərbaycan milli komandasının sabiq hücumçusu Branimir Subaşiçin futbolinfo.az saytına müsahibəsi

– İki sabiq komandanız – “Neftçi” və “Qarabağ” arasında Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən ilk oyun Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə nəticələndi. Bu hesabı gözləyirdiniz?

– Düzünü desəm, gözləmirdim. Çox ağır məğlubiyyətdir və bu haqda nə deyəcəyimi bilmirəm.

– Sizcə, cavab matçında “Neftçi”nin möcüzə etmək şansı var?

– Kubok mübarizəsi iki oyundan ibarət olur. Baxaq, görək, ikinci oyun necə olacaq. Amma “Neftçi”nin möcüzə reallaşdıracağına inanmıram. Düşünürəm ki, “Neftçi”nin finala adlamaq şansı yoxdur. Düzdür, futbol sürprizləri sevir və heç də bütün nəticələri öncədən təxmin etmək olmur. Ancaq nəzərə almalıyıq ki, “Qarabağ” hazırda əla formadadır. Bu mənada, cavab qarşılaşmasının da “Neftçi” üçün çətin keçəcəyi qənaətindəyəm.

– Adrian Mutunun yerinə böyük ümidlərlə gətirilən Miodraq Bojoviç də “Neftçi”də istənilən effekti vermir. Onun fəaliyyətini necə qiymətləndirirsiniz?

– Razıyam, Bojoviç gələndən sonra da nəticələr tam ürəkaçan deyil. Fikrimcə, klub rəhbərliyi mövsüm başa çatan kimi oturub düşünməli, heyət və məşqçi ilə bağlı qərar verməlidir. “Neftçi”nin Avropada da məşhur olan SOCAR kimi sponsoru var. Görünür, rəhbərlik vəziyyəti dəyişmək üçün daha yaxşı, daha bahalı futbolçular transfer etməlidir. Klub rəsmiləri bunu daha yaxşı bilərlər. “Neftçi” güclənməli, Azərbaycanın “Şaxtyor”u olmalıdır. “Şaxtyor”un vaxtilə avrokuboklarda imza atdığı nəticələr yəqin ki, yadınızdadır. Həmin “Şaxtyor”u nəzərdə tuturam. “Neftçi” Avropa səviyyəli komandaya çevrilməlidir. Azərbaycan çox yaxşı ölkədir. Son illərdə Avropada hamı “Qarabağ”a hörmətlə yanaşır, bu komanda haqda gözəl fikirlər səsləndirir. Ürəyim istəyir ki, “Neftçi” də o səviyyədə olsun.

– “Qarabağ” bu mövsüm Azərbaycan çempionluğunu sona 8 tur qalmış təmin etdi. Yaxın illərdə Premyer Liqamızda Ağdam klubu ilə sonadək çempionluq mübarizəsi apara biləcək komandanın olacağına inanırsınız?

– Bilmirəm. Fakt budur ki, bu sezon “Qarabağ”la sonadək çempionluq mübarizəsi apara bilən olmadı. Əslində, Azərbaycan çempionatında başqa keyfiyyətli komandalar da var. Ümid edirəm ki, onlar növbəti mövsümdə “Qarabağ”la çempionluq mübarizəsi apara biləcəklər.

– Digər sabiq komandanız “Qəbələ” isə hazırda çempionatda sonuncu yerdədir və aşağı liqaya düşməyə çox yaxındır…

– “Qəbələ”nin bu hala düşməsi mənim üçün sürprizdir. Niyə belə olduğunu bilmirəm. Səbəbini klub rəhbərliyi daha yaxşı bilər. Amma “Qəbələ”yə görə heyfsilənirəm. Çünki orada çox yaxşı şərait, infrastruktur var. Komandanı xilas etmək üçün Kaxaber Sxadadzeni gətirdilər. Görünən odur ki, Sxadadze də indiki halda kömək edə bilmir. Bəlkə də heyəti Kaxaber formalaşdırsaydı, belə olmazdı. “Qəbələ”nin işi çox çətindir.

FƏRİD

2337873 67777 ls - Futbolinfo.az
Shares: