Azərbaycanın Xorvatiyanın Zadar şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək 6 karateçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, buna qitəmiqyaslı yarışa yollanmağa namizədlər arasında təşkil olunan şəxsi görüşlərdə aydınlıq gəlib.

Seçimlərin ilk günündə 4 çəki dərəcəsi üzrə karateçilər üz-üzə gəliblər. Seçmə görüşləri Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidentləri Rəhman Hətəmov və Füzuli Musayev də izləyiblər.

Hər çəkidə idmançılar qruplara bölünərək dairəvi sistemdə yarışıblar. Yığma məşqçilərinin iştirakı ilə keçirilən ilk günün nəticələrinə əsasən, kişilər arasında Fərid Savadovla (60 kq) Fərid Ağayev (75 kq), qadınlarda isə Fidan Teymurova (50 kq) və Mədinə Sadıqova (55 kq) Avropa çempionatına yollanmaq hüququna yiyələniblər.

Kata seçimlərində qadınlarda Ramilə Heydərova, kişilərdə Roman Heydərov bütün rəqiblərini üstələyiblər.

Digər çəki dərəcələri üzrə qitə birinciliyində yarışacaq yığma üzvlərinin adlarına yaxın günlərdə keçiriləcək növbəti seçim görüşləri nəticəsində aydınlıq gələcək.

Qeyd edək ki, karate üzrə Avropa çempionatı mayın 8-12-si aralığında gerçəkləşəcək.

Shares: