“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiyanın tanınmış “İzvestiya” qəzetinə geniş müsahibə verib. 32 yaşlı futbolçu Ağdam klubu ilə bağlı bir sıra suallara da cavab verib.

O, Avroliqada gərgin qrafikdə oynamış komandasının bu mövsüm Premyer Liqanın bitməsinə 8 tur qalmış çempionluğu necə təmin etməsi barədə sualı cavablandırarkən deyib: “Düşünürəm ki, bu, işə düzgün yanaşma ilə bağlıdır. O mənada ki, hər oyunda maksimum konsentrasiya bütün 90 dəqiqə ərzində saxlanılıb. Sıx təqvimə və digər məsələlərə baxmayaraq… Bir çox rəqib buna hazır deyildi. Bu məsələdə məşqçilər korpusunun düzgün sözləri, motivasiyası, kadrların rotasiyası baxımından səriştəli yanaşma da öz təsirini göstərdi”.

Lunyov həmçinin komandasının həkimlərinin fəaliyyətini də vurğulayıb: “Həkim heyətinin məşqçilərlə birgə əməyini qeyd etmək istərdim ki, onlar bizi bacarıqla hər matça optimal vəziyyətə saldılar. Əlbəttə, futbolçuların özlərinin peşəkarlığını, işə yanaşmasını da qeyd etməliyəm. Biz hər oyuna motivasiyalı, yalnız qələbə qazanmaq arzusu ilə çıxırdıq. Bütün bu amillər nəticəyə təsir etdi. Ola bilsin ki, bunda rəqiblərin rəqabət yaratmaq problemləri də rol oynayıb. Amma onların adından danışmaq çətindir. Çempionatın son oyunlarında mümkün qədər çox xal toplamalıyıq. Eləcə də qarşıda hələ Azərbaycan kubokunun təkrar yarımfinal matçı var. Mövsümü iki kubokla başa vurmaq əla olardı”.

Lunyov komandasının Rusiyanın istənilən klubu ilə oynamaq gücündə olduğunu da deyib: “Qarabağ”ın bu mövsüm ən yaxşı oyunlarını, Avropa Liqasının pley-off matçlarını götürsək, o zaman düşünürəm ki, istənilən Rusiya Premyer Liqa klubu ilə asanlıqla oynaya bilərdik. O başqa sualdır ki, nəticə necə olardı. Amma bütün Rusiya klublarına qarşı əsl mübarizə aparardıq. Əgər oynadığımız futbola baxmısınızsa, başa düşəcəksiniz ki, bunu bacararıq”.

Lunyov yenidən TOP-liqalarda oynamaq mövzusunun onun üçün bağlanmadığını deyib: “Ümid edirəm ki, belə bir fürsət yenə olacaq. Ancaq eyni zamanda, hər kəsin çox yaxşı bildiyi müəyyən nüanslar da var.  Üstəlik yaş məsələsi. Eyni zamanda, Avropa çempionatlarında statistik rəqəmlərə baxıb görmək olar ki, orada qapıçıların orta yaş həddi neçədir. Ona görə də hər şey məndən asılı olacaq. Yenidən buna cəhd etməyi düşünürəm və ya heç olmasa, ümid edirəm. Özünü göstərməli, sübut etməlisən. Onda şans olacaq”.

Shares: